“Azərbaycan tərəfi ehtiyac yaranarsa, Gürcüstanda olan məscidləri təmir və bərpa edə, eləcə də digər dəstəyi göstərə bilər”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstana rəsmi səfəri çərçivəsində Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın müavini Andria Gvazava ilə görüş zamanı səsləndirib.
DQDK-nın sədri qeyd edib ki, din ideologiya və siyasət deyil: “Bəzi ölkələr dini ideologiya və siyasətə çevirəndə qarışıqlıq yaranır. Ona görə də kadr hazırlığı çox vacib məsələdir. Bu işlər təhlükəsizlik məsələsidir və buna diqqət yetirmək lazımdır”.
Komitə sədri əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən bütün icmalara vəsait ayrılır: “Yeni təkliflərlə çıxış edən icmalara ayrıca dəstək verilir. İcmalar üçün ödənişsiz kitab çapı, tədbirlər təşkil edə bilərik. Təbii ki, bunlar icmalar üçün ümumi ayrılan vəsaitdən kənar edilir”.
www.RIA24.az