Tarixi ədalətin bərpası, yaxud qondarma rejim üçün rekviyem

Siyasət


28 sentyabr 2023-cü il – bu gün Azərbaycanın siyasi tarixinə daha bir ümummilli qələbə günü kimi yazılacaq. Düz 32 ildən sonra nəhayət ki, qondarma “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurum öz mövcudluğunu dayandırdı və bölgədəki qanunsuz təsisatlar buraxıldı.

“DQR”in ləğvi bizim üçün böyük tarixi uğur, ermənilər üçünsə 200 illik bir layihənin darmadağın olmasıdır. Məlumdur ki, hələ XIX əsrin əvvəllərində Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra İran və Yaxın Şərqdən ermənilərin bu torpaqlara kütləvi köçü həyata keçirilib. Bunun sayəsində Cənubi Qafqazda məhz azərbaycanlıların yaşadıqları ərazilər hesabına erməni dövlətinin əsası qoyulub. Keçmiş İrəvan xanlığının torpaqları və Zəngəzur mahalının “erməniləşdirilməsi”ndən sonra artıq növbə Qarabağa çatıb.

Rusiya imperiyasının bölgədəki etnik siyasətinin davamçısı olan SSRİ rəhbərliyinin qərarı ilə 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılıb. Lakin bölgədə azərbaycanlılarla birgə yaşayan ermənilər sovet mərkəzi hökumətinin dəstəyinə arxalanaraq muxtariyyətlə kifayətlənməyərək daha irəli getmək arzusuna düşüblər. Onların mənfur planlarının icrası üçün münbit şərait ötən əsrin 80-ci illərinin sonunda yaranıb. SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə qatı ermənipərəst Mixail Qorbaçovun gətirilməsi ermənilər üçün Qarabağın da digər ərazilər kimi azərbaycanlılardan təmizlənərək “erməniləşdirilməsi”nə başlanılması üçün siqnal rolunu oynayıb.

1988-ci ildə bölgədə yaşayan azərbaycanlılar və ermənilər arasında ədavətin qızışdırılması ilə proses aktiv fazaya qədəm qoyub. 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti DQMV-nin muxtariyyətinin ləğv edilib birbaşa Azərbaycan SSR-ə qatılmasına dair qərar qəbul etsə də, artıq dekabr ayının 1-də Ermənistan SSR Ali Soveti və ermənilərdən ibarət “Qarabağ Milli Şurası” həmin qərarı əsassız hesab edərək vilayətin Ermənistanla birləşəcəyini açıqlayıb. Lakin SSRİ-nin dağılması və keçmiş sovet respublikalarının müstəqillik qazanması mövcud reallığı dəyişib.

1991-ci ilin noyabrında Azərbaycan Respublikası Ali Soveti DQMV-nin ləğvi haqqında qərar qəbul etsə də, ermənilər bu qərara tabe olmayaraq dekabrda Qarabağın müstəqilliyinə dair qanunsuz referendum keçirməyi qərar alıblar. Azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə də qondarma “DQR” elan edilib və Azərbaycana qarşı işğalçı müharibəyə başlanılıb.

Növbəti iki il ərzində işğal olunan Azərbaycan torpaqları yalnız 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibə nəticəsində azad olunub. Üç il öncə öz ərazi bütövlüyünü bərpa edən dövlətimiz bu günlərdə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyini bütün ərazisində bərpa edə bilib. Və nəhayət bu gün qanunsuz qurumun buraxılması ilə proses öz məntiqi sonluğuna çatıb və tarixi ədalət bərpa olunub.

Qondarma “respublika”nın tarixin zibilliyinə gömülməsi, heç şübhəsiz ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, ardıcıl və uzaqgörən siyasəti nəticəsində mümkün olub. Məhz dövlət başçımızın bütün beynəlxalq təzyiqlərə tab gətirərək Azərbaycanın haqq işində tutduğu güzəştsiz mövqe ölkəmizin suverenliyinin bərpasına imkan verib.

Bu gün Ermənistan və onun havadarları bir daha əmin oldular ki, yalan ayaq tutar, amma yeriməz.

Aqil Vəlili

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir