İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır – FOTO

Siyasət

İsveçrə Yayım Korporasiyası tərəfindən yaradılan “SWI” onlayn xəbər nəşrinin (swissinfo.ch) İspan dilində olan versiyasında “Azərbaycan Prezidenti Qarabağ şəhəri olan Şuşanı mədəniyyət paytaxtı elan edib” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi olaraq Şuşanı ölkənin mədəni paytaxtı elan etdiyi diqqətə çatdırılır. Ermənistanla Qarabağ müharibəsində Azərbaycanın Zəfər çaldığı qeyd olunur.

İsveçrə nəşri yazır ki, Şuşa 28 il erməni işğalı altında olub və 2020-ci il noyabrın əvvəllərində Azərbaycan tərəfindən azad edilib, bununla da Ermənistanla 44 günlük müharibənin bitməsi sürətləndirilib.

Məqalədə məşhur Azərbaycan yazıçıları, rəssamları və musiqiçilərinin beşiyi olan Şuşanın tarixi və mədəni əhəmiyyəti barədə məlumat təqdim olunur. “SWI” 1908-ci ildə müsəlman dünyasında ilk “Leyli və Məcnun” operasını yazan Üzeyir Hacıbəylini yad edir.

1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin tarixi hissəsinin “tarixi və memarlıq qoruğu” elan edilməsinə qərar verildiyi, bunun da öz növbəsində abidələrin qorunması üçün mühüm addımların atılmasına imkan yaratdığı qeyd edilir.

İsveçrə nəşri yazır ki, hazırda şəhərə, tarixi və mədəni irsinə və təbiətinə vurulmuş ziyanın hesablanmasından sonra rəsmi Bakı Şuşa şəhərinin yenidən qurulmasına başlayıb. Mədəniyyət abidələri, dini məbədlər, məscidlər və iki kilsə (erməni və pravoslav) bərpa olunur, Şuşaya ən yaxın beynəlxalq hava limanının yerləşəcəyi Füzuli şəhərindən iki yol çəkilir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir