Baş nazirin müavini: “Azərbaycan “Vahid Çin” siyasətini davamlı olaraq dəstəkləyir”

Siyasət


“Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini daim dəstəklədiyinə görə dost Çin Xalq Respublikasına təşəkkür edirik”.

APA xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda Çin Xalq Respublikasının yaranmasının 74-cü ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Azərbaycan da öz növbəsində “Vahid Çin” siyasətini davamlı olaraq dəstəkləyir”, – Şahin Mustafayev əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir:

“2022-ci ildə ticarət dövriyyəsinin həcmi 21 faizdən çox artaraq 2,2 milyard ABŞ dolları olub. Bu müsbət dinamika cari ildə də davam edir. Yanvar-iyul aylarında qarşılıqlı ticarət 41 faizdən çox artaraq 1,6 milyard ABŞ dollarını üstələyib. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Cari ilin əvvəlində Çində sayca 4-cü Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib”.

Şahin Mustafayevin sözlərinə görə, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq uğurla davam edir:

“Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Bunun nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib. Avropanı Asiya ilə birləşdirən və Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, yaradılmış infrastruktur, Bakı dəniz limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutlarını təmin edir.

Eyni zamanda, Ələt Azad İqtisadi Zonası logistika, nəqliyyat baxımından çox əlverişlidir, çünki Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Ələtin ərazisindən keçir. Bütün bu layihələr Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər və Bir yol” layihəsinin mühüm elementləri kimi çıxış edir.

Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan bu təşəbbüsü rəsmi şəkildə dəstəkləyən ilk ölkələrdən biri olub. Əlbəttə ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə regionda nəqliyyat-kommunikasiya bağlantılarının bərpası üçün böyükperspektivlər açılıb”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir