Rusiyanın TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman “Anadolu” agentliyinə müsahibəsində Prezident Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən sənədli filmindən, öz ailəsinin Azərbaycanla bağlı köklərindən və başqa məsələlərdən bəhs edib, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsi haqqında fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, M.Qusman öz vətəni – Azərbaycanın lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın münasibətlərin olmasından fəxr etdiyini bildirib. O qeyd edib:
“Mən Azərbaycanda doğulmuşam və uzun illər burada yaşamışam, öz vətənimdə qardaş türk xalqına münasibətin necə olduğunu bilirəm. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında qardaşlıq münasibətlərinə də bələdəm, onları görürəm. Fəxr edirəm ki, vətənimin lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın, sadəcə, qardaşlıq münasibətləri var”.
Azərbaycan haqqında danışan jurnalist Bakıda öz həyatının yarısının necə keçməsindən bəhs edib:
“Bakı mənim sevimli şəhərimdir. Azərbaycan – vətənimdir, heç vaxt bu vətəndən imtina edə bilməmişəm və bunu istəməmişəm. Bir zamanlar biz eyni dövlətdə, Sovet İttifaqında yaşayırdıq, bu gün isə Azərbaycan çox gözəl müstəqil dövlətdir və çalışıram ki, oraya tez-tez gedim. Çünki valideynlərimin məzarları oradadır, heç olmasa ildə bir dəfə onları ziyarət edərək xatirələrini anmalıyam. Mən Azərbaycan Xarici Dillər İnstitutunda təhsil almışam, orada gənclər təşkilatında fəaliyyət göstərmişəm, sonra Moskvada işləmişəm. SSRİ Gənclər Təşkilatı Komitəsi adlı mühüm bir təşkilatda mətbuat və informasiya şöbəsinin müdiri olmuşam. Burada bütün dünyada olan gənclərlə bağlı qəzet və jurnallarla əlaqələrlə məşğul idim. Sonra Sovet İttifaqı süqut etdi və məni TASS agentliyinə işə dəvət etdilər. Bu, uzaq 1998-ci ildə olub. Artıq 1999-cu ildə agentliyin baş direktorunun müavini təyin olundum, oktyabrda TASS baş direktorunun birinci müavini vəzifəsində fəaliyyətimin 24 ili tamam olacaq. Beləliklə, mən bu agentliyin veteranıyam”.
TASS informasiya agentliyi baş direktorunun birinci müavini Rəcəb Tayyib Ərdoğanı Türkiyənin beynəlxalq arenada rolu və maraqlarını irəli aparan görkəmli lider, güclü şəxsiyyət kimi xarakterizə edib. O qeyd edib ki, məhz bunun sayəsində dünyada bütün məsələlər bu ölkənin iştirakı olmadan həll oluna bilməz:
“Hörmətli Prezident Ərdoğanla ilk dəfə onun baş nazir olduğu vaxt görüşmüşəm. Onunla danışmaq mənim üçün çox maraqlı idi. Ərdoğanın böyük potensiala malik güclü lider, uzaqgörən siyasətçi olduğunu görürdüm. Onun prezident seçilməsi məni heç də təəccübləndirmədi. Mənə şərəf göstərərək dəfələrlə müsahibə verdiyinə görə prezidentə minnətdaram”.
M.Qusmanın sözlərinə görə, Prezident Ərdoğanın ən əsas iki xüsusiyyəti – çox güclü daxili enerjisi və tamamilə qeyri-adi xarizması diqqətəlayiqdir:
“Böyük siyasət çox mühümdür, geosiyasət də çox əhəmiyyətlidir, amma ən başlıcası, xalqın sənə olan inamı və etibarıdır. Prezident Ərdoğan Türkiyədə hakimiyyətdə olduğu bütün illər ərzində sübut etdi ki, xalq ona inanır. Bu, hər şeydən əvvəl, özünü seçkilərdə göstərir”.
Özünün sənədli filmindən bəhs edən M.Qusman diqqətə çatdırıb ki, bu ekran əsəri hər-hansı sadə yubiley filmi deyil. O vurğulayıb:
“Biz çalışmışıq ki, bu, daha çox analitik film olsun və Prezident Ərdoğanın simasında liderin müasir dünyada rolunu göstərsin”.
Jurnalist əlavə edib ki, filmdə əsas diqqət Türkiyə liderinin danışıqlılarda vasitəçilik roluna, sülh yaradıcı insan kimi bir tərəfdən öz ölkəsinin maraqlarına xidmət etməsinə, digər tərəfdən isə dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətinə yönəldilib.
www.RIA24.az