Azərbaycanın geopolitik müstəvidə uğurları Ermənistanı siyasi iflasa aparır

Gündəm Siyasət

“ Bu günlərdə öz işinə başlayan mühüm bir tədbir dünya siyasətçilərinin, medianın, bütövlükdə isə ictimaiyyətin böyük marağına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında reallaşan telefon danışığı son dövrdə dünyada koronavirus pandemiyası ilə bağlı ən mühüm işbirliyi, dialoq kimi dəyərləndirilir”. Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirmişdir.
Onun sözlərinə görə, dövlətimizin başçısı telefon danışığında BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. BMT-nin Baş katibi Antonio Quterreş isə bir daha BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu bidirmişdir. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. BMT Baş katibinin dəstəyi Azərbaycanın dünyada artan nüfuzunun növbəti nümunəsi hesab olunmalıdır. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir.
Millət vəkili xatırlatmışdır ki, hələ 2011-ci ildə Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyada Qoşulmama Hərəkatına üzv qəbul edildi. Bu hadisənin Azərbaycanın həyatında nə qədər mühüm rol oynadığına, cənab Prezidentin nə qədər uzaqgörən, düşünülmüş və düzgün addım atdığına cəmi bir il sonra şahid olduq. 2012- ci ildə Azərbaycan məhz Qoşulmama Hərəkatına üzv olan dövlətlərin, həmçinin əlavə 35 dövlətin dəstəyi ilə müstəqillik tarixində çox mühüm bir uğura imza ataraq BMT Təhlükəsizlik Şurasının qeyri -daimi üzvü seçildi, bir neçə ay həm də BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, Azərbaycanın son illər ərzində ən böyük siyasi uğuru idi.
Azərbaycanın Təhlükəsizlik Şurasına sədrliyi dövründə BMT-də çox mühüm məsələlər müzakirəyə çıxarılmış və taleyüklü qərarlar qəbul edilmişdir. Təkcə bir faktı xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2012-ci il mayın 4-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilmiş, burada ölkəmizin təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə təhdidləri” mövzusunda müzakirələr aparılmışdır. Azərbaycanın Prezidenti cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, konkret faktlar və sənədlərlə Ermənistanın terroru dəstəkləyən işğalçı dövlət olduğunu bir daha dünyaya bəyan etmişdir. Ümumiyyətlə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə 59 iclas keçirilmiş, bu müzakirələrin yekunu üzrə müvafiq qətnamə, qərar və bəyanat qəbul edilmişdir.
Kamaləddin Qafarov qeyd etmişdir ki, yeri gəlmişkən, bədnam qonşumuz olan Ermənistan həmin vaxtlar Azərbaycandan əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri -daimi üzvü olmaq üçün çox böyük mübarizə apararaq bütün diasporu səfərbər etsə də, sonda biabırçılıqla məğlub olub geri çəkilmişlər. Məlum olmuşdur ki, Ermənistanın ənənəvi dostu və müttəfiqi sayılan bir çox ölkə ona bu işdə dəstək verməkdən açıq şəkildə imtina etmişlər. Bu azmış kimi, Ermənistanın 2012-ci ildə Azərbaycanın rəqibi olan, lakin sonda məğlubiyyətə uğrayan ölkəyə də cani-dildən köməklik göstərməsi haqqında məlumatlar vardır.
Ona görə bu gün də işğalçı Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsi özünüifşa xarakteri daşıyır və xoşməramlı, mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan dünya ictimaiyyəti qarşısında yenidən biabır oldu. Bu bədnam strategiyanın Ermənistanı siyasi iflasa doğru apardığını hətta bu ölkənin siyasətçiləri də açıq şəkildə etiraf edirlər.
Millət vəkili bildirmişdir ki, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyası iyulun 10-da öz işinə başlayıb. Xüsusi sessiyanın əvvəlində prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə müxtəlif liderlərin çıxışlarının dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır. Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq, insanlığın bu dəhşətli bəladan azad olunması prosesində əhəmiyyətli tarixi hadisəyə çevriləcəkdir.

AİA.Az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir