Deputat: “Azərbaycanda vətənpərvərliyin mayasında Heydər Əliyev durur”

Siyasət

“Hər bir xalqın taleyində liderlər önəmli yerlər tutur. Bu gün müasir ABŞ Corc Vaşinqtona, Fransa Şarl De Qolla, Türkiyə Mustafa Kamal Atatürkə, Azərbaycan isə ümummilli liderimiz Heydər Əliyevə borcludur”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, liderlər dövlətləri yaradırlar, milləti formalaşdırırlar və ölkələrini işıqlı gələcəyə aparırlar.

Millət vəkili qeyd edib ki, Heydər Əliyevin həm birinci hakimiyyəti, həm də ikinci hakimiyyəti dövründə ölkəmiz möhkəm dayaqlar üzərində inkişaf etməyə başlayıb.

“Təsəvvür edin, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə, Azərbaycan hansı vəziyyətdə idi. Ölkə daxilində separatçılar artıq bölücülüyə başlamışdılar, cəbhə xəttində isə müharibə gedirdi. Belə bir zamanda ümummilli lider hakimiyyətə gəlir və ölkədə hərc-mərcliyə son qoyulur, daxildə sabitlik yaranır, cəbhədə atəşkəs elan olunur. Bunlardan sonra ölkəni addım-addım inkişafa doğru aparır”, – deyə V.İskəndərov əlavə edib.

Milli Məclis üzvü qeyd edib ki, Heydər Əliyev Azərbaycanı bütün sahələrdə inkişafa aparan öndərdir:

“Onun daxili siyasətdə ən böyük önəm verdiyi məsələ gənclər siyasəti idi. Ümummilli liderimiz hakimiyyətə gələndə ilk yaratdığı icra hakimiyyəti orqanı Gənclər və İdman Nazirliyi oldu. Bu, Heydər Əliyevin Azərbaycan gəncliyinə və millətin gələcəyinə verdiyi önəm idi. 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu oldu, 1997-ci ildə isə Gənclər Günü təsis edildi. MDB-də və Şərqi Avropada Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olundu. Bundan bir il sonra isə BMT Beynəlxalq Gənclər Gününü təsis etdi. Bu, həm də, ulu öndərin gələcəyi görməsi idi. Ümummilli lider deyirdi ki, gənclər ölkənin gələcəyidir. Yetişən həmin o gənclik bu gün ölkəmizin idarə edilməsində, inkişafında böyük rol oynayırlar. Azərbaycanda vətənpərvərliyin mayasında Heydər Əliyev durur. O, Azərbaycanı quraraq, dünyaya Günəş kimi işıq saçmasında böyük rol oynadı”.

Milli Məclis üzvü söyləyib ki, möhkəm bünövrə üzərində qurulmuş Azərbaycanı Prezident İlham Əliyev uğurla, daha yeni formatda inkişaf etdirməyə başladı.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir