Aİ və BMT-nin dəstəyi ilə Xırdalanda əmək yarmarkası keçirilir – FOTO

Siyasət


Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyilə Xırdalan bələdiyyəsi Xırdalan şəhərində ictimaiyyətə açıq “1001 İş” adlı əmək yarmarkası təşkil edib.

“İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” (M4EG) proqramı çərçivəsində keçirilən yarmarkanın məqsədi Xırdalan şəhərində məşğulluq və dövlət-özəl tərəfdaşlığı imkanlarının artırılmasına dəstək göstərməkdir.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Xırdalan bələdiyyəsi, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramı rəsmiləri iştirak ediblər. Əmək yarmarkasında qonaqpərvərlik, turizm, təhsil, nəşriyyat, qida, alternativ enerji və tikinti sektorunda fəaliyyət göstərən 30 şirkət iştirak edib. Şirkətlər ziyarətçilərə cari vakansiyalar, təcrübə imkanları haqqında məlumat verib və potensial işçilərin seçilməsi üçün bir sıra sessiyalar təşkil ediblər.

“1001 İş” tədbiri dinamik stendləri, interaktiv oyunları və müsabiqələri ilə 1 000-dən çox ziyarətçini cəlb edib. İctimai tədbirin hədəf qrupu – karyera qərarı verməyə hazırlaşan, iş axtaran yaxud bilik və bacarıqlarını təkmilləşdirmək üçün yeni təhsil imkanları ilə maraqlanan 14-29 yaşlı yerli gənclər olub.

Mövzu istiqamətinə uyğun olaraq, tədbir Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən digər layihə “Gələcək üçün peşə təhsili və təlimi” tərəfindən dəstəklənib. Belə ki, tədbirdə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (DPTM), Turizm və Sosial Xidmətlər üzrə Bakı DPTM, İnformasiya Texnologiyaları və Kommunikasiyalar üzrə Bakı DPTM, Emal Sənayesi üzrə BDPTM, həmçinin Sənaye və İnnovasiyalar BDPTM bir sıra maraqlı master-klaslarla yarmarkaya qoşulub və ziyarətçilərə praktiki olaraq müxtəlif bacarıqları sınaqdan keçirməyə imkan verən fəaliyyətlər təqdim edib. Əlavə olaraq, tədbirdə karyera mütəxəssisləri gənclərə ödənişsiz konsultasiya sessiyaları keçirib, onlara tərcümeyi-hal yazılması, iş müsahibələri və şəbəkələşmə ilə bağlı tövsiyələr verib.

Xırdalan bələdiyyəsi “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” (M4EG) proqramının “Portfolio səyahəti” istiqamətinin iştirakçısı kimi Azərbaycandan seçilmiş iki yerli özünüidarəetmə orqanlarından biridir. Son bir il ərzində bələdiyyə komandası “Sahibkarlıq və gənc istedad” adlı Şəhər Transformasiyası Portfelini hazırlayıb. Bu portfelin əsas məqsədi əlverişli innovativ biznes mühiti yaratmaq; mövcud yerli istedadların potensialını artırmaq və işlərə cəlb etmək, eləcə də, tədricən digər ərazilərdən istedadlar cəlb etmək; yeni və fərqli məkan kimliyi yaratmaq, həmçinin, Xırdalan bələdiyyəsi ilə onun sakinləri arasında qarşılıqlı əlaqəni şaxələndirmək və gücləndirməkdir.

M4EG şəbəkəsi üzrə qabaqcıl şəhərlərdən biri olan Xırdalan bələdiyyəsi özəl sektoru və digər əlaqədar tərəfləri cəlb edərək gəncləri dəstəkləyəcək və ərazinin daha dayanıqlı inkişafı üçün səylərini davam etdirəcək.

“1001 iş” əmək yarmarkası 2024-cü ilin sonuna qədər Xırdalan şəhərində keçiriləcək silsilə tədbirlərdən birincisidir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir