Robert Kutler: “Zəngəzur dəhlizinin açılmasına qarşı çıxanlar sıfır nəticəli bir zehniyyətə sahibdirlər”

Siyasət


“Zəngəzur dəhlizinin açılmasına qarşı çıxanlar sıfır nəticəli bir zehniyyətə sahibdirlər”.

Bu fikirləri “Report”a açıqlamasında Kanadanın Qlobal Məsələlər İnstitutunun (“Global Affairs Institute”) araşdırmaçısı Robert Kutler deyib.

Onun sözlərinə görə, belə bir dəhliz regionda yaşayan xalqların hamısı üçün olduqca faydalıdır:

“Zəngəzur dəhlizinin açılması rəsmi Bakının da həyatını asanlaşdırar. Amma dəhlizin açılmasını istəməyən qüvvələr hesab edirlər ki, öz gücləri həm də Bakının həyatını mümkün qədər çətinləşdirməkdən asılıdır. Halbuki, belə bir dəhliz regionda yaşayan xalqlar üçün olduqca faydalıdır. Bu, ümumi inkişafa və çiçəklənməyə böyük töhfə verər”.

Müsahib bildirib ki, Zəngəzur dəhlizinin açılması, həmçinin, regionda təhsil səviyyəsinin daha da yüksəlməsinə və məlumatlılığın artmasına imkan yaradar:

“Bu proseslər idarəçiliyə tələblər təqdim etmək üçün siyasi səfərbərliyə təkan verərdi. Lakin dəhlizin açılmasında maraqlı olmayan elitalar son hadisələrə təhlükə kimi baxırlar. Onlar öz xalqlarını nisbi yoxsulluq və cəhalət içində saxlamaqdan məmnundurlar, çünki bu, onların mövqelərini və imtiyazlarını idarə etməyi, qoruyub-saxlamağı asanlaşdırır. Ancaq digərlərindən fərqli olaraq Rusiya region ölkəsi kimi Türkiyə ilə quru əlaqəsini asanlaşdırmaq üçün Zəngəzur dəhlizinin açılmasını istəyir”.

Azərbaycanın cənub qonşusunun mövqeyinə gəldikdə isə Robert Kutler söyləyib ki, İranın Zəngəzur dəhlizinin açılmasına razı olub-olmayacağını proqnozlaşdırmaq çətindir:

“Çünki bu, hər gün dəyişə bilən bir çox həssas amillərdən asılıdır. Təbii ki, nəzəri cəhətdən belə bir dəhlizin salınması mümkündür. Bu, Azərbaycanın ən böyük üstünlüyü ola bilər. Amma düzünü desəm, hazırkı şəraitdə dəqiq proqnoz vermək çətindir. Çünki Qarabağdakı antiterror tədbirlərindən sonra gündəlik hadisələr hələ də uzunmüddətli perspektivdəki hadisələrin necə inkişaf edəcəyinə təsir edir. Fikrimcə, Azərbaycan-İran münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşmalıdır, bu isə Tehrandakı səfirliyin yenidən açılacağı təqdirdə mümkün ola bilər. Dəhlizin məntiqi göz qabağındadır. İnsanların bu məntiqə hörmət edib-etməməsi onların motivlərindən asılıdır və regionda motivlər həftədən-həftəyə kəskin şəkildə dəyişir. Dəhlizin Ermənistandan keçməsinə gəlincə, Ermənistan daxilində işləri çətinləşdirən Qərbi Zəngəzur siyasi məsələsi də var. Ona görə də hazırda hər şey “işlərin necə getdiyindən” asılıdır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir