Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri və Baş nazir İrakli Qaribaşvili ilə görüşü, dövlət və hökumət başçılarının mətbuata açıqlamaları Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsinə malik interpressnews.ge, ambebi.ge, radiotavisupleba.ge, palitranews.ge, apsny.ge, accentnews.ge, realnews.ge, 24news.ge, netgazeti.ge, primetime.ge, gaxa.ge, aktual.ge, 1tv.ge, qafqazturk.com informasiya portallarında, adjaratv.ge, 1tv.ge rustavi2 televiziya kanallarında silsilə materiallar dərc olunub və yayımlanıb.
Qeyd edək ki, Gürcüstanın İctimai Televiziyası (1tv.ge) ayrı-ayrı materiallarla yanaşı, dövlət və hökumət başçılarının mətbuata açıqlamalarını da birbaşa yayımlayıb.
İnterpressnews.ge portalı Prezident İlham Əliyevə istinadla yazır ki, iki ölkənin enerji, nəqliyyat və digər istiqamətlərdə çoxlu planları var. Prezidentin çıxışından gətirilən sitatda deyilir: “Biz – hər iki lider xalqlar arasında dostluğumuzu və tərəfdaşlığımızı möhkəmləndirmək üçün hər şeyi etmişik və edirik. Bu görüşlər çox tez-tez və ənənəvi xarakter daşıyır, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına, dostluğun möhkəmlənməsinə xidmət edir”.
Portalın yaydığı daha bir materialda Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün bərqərar olması, eləcə də Gürcüstanın vasitəçilik rolu barədə fikirləri yer alıb:“Cənubi Qafqaza sülh lazımdır. Biz hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Gürcüstanın Ermənistan-Azərbaycan məsələsində iştirakı zəruridir. Əsrlər boyu xalqlarımız çox mehriban qonşular olub, ətraf mühit çox mehribandır. Bu, Cənubi Qafqaz regionu üçün vacibdir. Ermənistan razılığını bildirsə, biz dərhal Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlərə başlayacağıq”.
Ambebi.ge portalında dərc olunan materialda Ulu Öndərin Azərbaycan-Gürcüstan münasibətlərindəki rolu qeyd olunur: “Əfsanəvi şəxsiyyət Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərində xidmətləri çox vacib və böyükdür”. İki ölkə arasında dostluğun təməlinin məhz tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilir.
1tv.ge televiziya kanalının yaydığı xəbərdə Prezident İlham Əliyevə istinadla bildirilir ki, Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, sosial-iqtisadi inkişaf təmin edilir və bu, ölkə əhalisinin sabitliyinin təminatıdır. Həmçinin bildirilir ki, xalqın hakimiyyətə inamı bunun mənbəyidir. Hökumətin aydın baxışı ölkədə bir çox mühüm layihələrin həyata keçirilməsinə imkan verir. Bu, imkan verir ki, iqtisadiyyat, infrastruktur layihələri inkişaf etdirilsin.
Televiziyanın yayımladığı daha bir xəbərdə regionda mövcud problemlərdən bəhs olunur. Azərbaycan Prezidentinin çıxışından gətirilən sitatda deyilir: “Regionda çətinliklər hələ də qalır, Cənubi Qafqazda sülh hələ tam bərqərar olmayıb, biz İrakli Qaribaşvili ilə bu barədə danışdıq, Cənubi Qafqaza sülh lazımdır.
Bu gün biz Ermənistanla sülh sazişi üzərində fəal işləməliyik. Ümidvaram ki, biz buna nail olacağıq və Gürcüstan, Ermənistan və Azərbaycanın da iştirakı ilə Cənubi Qafqazda qarşılıqlı əməkdaşlığın aparılacağı siyasi mühit və vəziyyət yaradacağıq”.
Rradiotavisupleba.ge-nin yaydığı məlumatda deyilir ki, dövlət və hökumət başçılarının görüşündə Ermənistanla Azərbaycan arasında vəziyyətin normallaşması ilə bağlı söhbət olub. Prezident İlham Əliyev deyib: “Qarabağda baş verən ikinci müharibə bizim ərazi bütövlüyümüzün bərpasına gətirib çıxardı, bütün ölkənin suverenliyini bərpa etdi və bu gün biz Ermənistanla sülh sazişi üzərində fəal işləməliyik. Ümid edirəm ki, biz buna nail olacağıq və Gürcüstan, Ermənistan və Azərbaycanın da iştirakı ilə Cənubi Qafqazda qarşılıqlı əməkdaşlığın baş tutacağı siyasi mühit və vəziyyət yaradacağıq”.
Palitranews.ge portalı və internet televiziyasının yaydığı xəbərlərdə deyilir ki, görüşdə avtomobil və dəmir yollarının, limanların tikintisini əhatə edən Orta dəhlizin inkişaf strategiyası müzakirə olunub.
Netgazeti.ge portalında da Prezident İlham Əliyevin Gürcüstanın Ermənistanla Azərbaycan arasında vasitəçi roluna üstünlük verməsindən bəhs edilir. Prezident İlham Əliyevin çıxışından gətirilən sitatda deyilir: “Bildiyiniz kimi, bu gün bir neçə ölkə və beynəlxalq təşkilatlar normallaşma prosesində vasitəçi rolundadır. Biz istənilən yardımı qəbul edirik, amma mənim fikrim budur ki, istər tarixi aspektlərdən, istərsə də coğrafi baxımdan ən düzgün seçimdir. Bu vəziyyətdə Gürcüstanın iştirakı lazımdır. Əgər Ermənistan razılıq versə, biz dərhal burada, Gürcüstanda, müvafiq qurumlar vasitəsilə ikitərəfli və üçtərəfli görüşlərə başlayacağıq”.
“Ümid edirəm ki, Cənubi Qafqazda Gürcüstan, Ermənistan və Azərbaycanın da iştirakı ilə üçtərəfli əməkdaşlığın baş tutacağı siyasi mühit və vəziyyət yaradacağıq. Bu, enerji, ticarət, sərmayə qoyuluşu və bir çox digər istiqamətlərdə uğurlu əməkdaşlıq olacaq”, – deyə materialda vurğulanır.
Digər portallarda da Azərbaycan, gürcü və rus dillərində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından xəbərlər geniş işıqlandırılıb.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin səfəri və səsləndirdiyi fikirlərlə bağlı Gürcüstan mətbuatında 50-yə yaxın material yayımlanıb.
www.RIA24.az