Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür

Siyasət


Azərbaycanda keçirilən VII prezident seçkisindən 10 il ötür.

Oxu.Az xatırladır ki, 2013-cü il oktyabr ayının 9-da ölkədə Azərbaycan Respublikası prezidenti postuna VII rəsmi ümummilli seçki keçirilib.

10 nəfər namizədin iştirak etdiyi seçkidə seçici fəallığı 72,31% olub.

Prezident seçkisinin nəticələrinə uyğun olaraq, 83,89% səslə İlham Əliyev qalib gələrək, üçüncü dəfə ölkə rəhbəri olub.

Qeyd edək ki, Prezident İlham Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBƏİ) alıb. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti olan İlham Əliyev 1995 və 2000-ci illərdə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qələbə qazanıb və deputat seçilib. 2003-cü ilin avqust ayında Azərbaycan Respublikasının Baş naziri təyin olunan İlham Əliyev 2003 və 2008-ci illərdə baş tutan Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbə qazanıb.

Dövlət başçısı 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasına əsasən, ölkədə prezident seçkiləri beş ildən bir keçirilirdi. Ona görə də 2018-ci ildə Azərbaycan ərazisində növbəti prezident seçkisi baş tutmalı idi. Prezident seçkisi, Qanuna əsasən, oktyabr ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına görə isə 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkisi elan edildi. Bununla da Azərbaycan tarixində birinci dəfə növbədənkənar prezident seçkisi təyin edildi və keçirildi.

Onu da xatırladaq ki, Azərbaycanda 2016-cı ildə keçirilən Ümumxalq səsverməsinin (referendum) nəticələrinə əsasən, dövlət başçısının səlahiyyət müddəti beş ildən yeddi ilədək uzadılıb. Buna görə də Azərbaycanda növbəti prezident seçkisinin vaxtı, qanuna əsasən, 2025-ci ilə təsadüf edəcək.  

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir