İspaniyanın Qranada şəhərində Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə qeyri-formal görüş keçirilib. Görüşdən sonra tərəflər Azərbaycan əleyhinə qərəzli bəyanatla çıxış ediblər.
Elə həmin görüş ərəfəsində gündəm Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı sanksiyalar təklifi, rəsmi Parisin Bakı ilə diplomatik münasibətləri pozmaq uğrunda addımlar atması ilə daha da gərginləşdi. Fransanın yaratdığı gərginlik fonunda hər iki ölkənin parlamentləri arasında əlaqələr üzrə işçi qrupları fəaliyyətini dayandırdı. Bununla bərabər, Avropa Parlamenti də ölkəmizə qarşı qərəzli qətnaməni qəbul etdi.
Fransanın Azərbaycanla münasibətləri gərginləşdirməsinin siyasi nəticələri haqqında Oxu.Az-a danışan politoloq İlqar Vəlizadənin fikrincə, rəsmi Parisin Azərbaycana qarşı siyasətinin bünövrəsində erməni faktoru yox, başqa səbəblər dayanır:
“Yəni erməni faktoru burada sadəcə alət rolu oynayır, daha çox Fransa siyasətçiləri, siyasi elitası bundan istifadə etməyə çalışırlar. Onlar guya, Qarabağda yaşayan ermənilərin qayğısına qalırlar, Ermənistanı bu “acınacaqlı” vəziyyətdən çıxartmağa cəhd göstərirlər və s. Reallıqda isə Ermənistan Fransaya bir alət kimi lazımdır. Necə ki vaxtilə öz koloniyalarına, müstəmləkələrinə həmişə vasitə kimi yanaşırdılar, indi Ermənistanı da belə görürlər. Rəsmi İrəvan zəifdir, kasıbdır, Fransanın müstəmləkələrindən artıq deyil və ona görə də, bu ölkənin üzərində hansısa geosiyasi sxemlər, ssenarilər qurmaq, reallaşdırmaq olar. Ermənistan vaxtilə Rusiyanın əlində alət idi, indi isə üzü Fransaya dönüb, ona lazımdır.
Fransanın ümumi məqsədlərinə gəlincə, əsasən, anti-Türkiyə siyasəti, Azərbaycan-Türkiyə tandeminə zərər vurmaq, Türkiyənin mövqelərini Cənubi Qafqazda zəiflətmək, rəsmi Ankaranı dostlarından kənarlaşdırmaqdır. Fikir verin, Türkiyə qərbində Yunanıstan, cənubunda Kiprlə münasibətləri isti deyil, şərqində isə Ermənistanı ona qarşı salmağa çalışırlar. Yəni, Fransanın bu ölkələr vasitəsilə Türkiyəyə qarşı bir ittifaq yaratmaq niyyətindədir”.
Politoloq bütün bunlarla birlikdə, hesab edir ki, Fransa Ermənistan vasitəsilə Yaxın Şərq regionuna daxil olmaq, burada öz mövqelərini möhkəmləndirmək istəyir:
“Vaxtilə, Fransanın bu regionda bir neçə müstəmləkələri – Livan, Suriya və s. var idi. İndi onları itirib. Ona görə, yeni siyasi reallıqda, yeni formada, yeni alətlərlə, yeni iştirakçılar vasitəsinə Yaxın Şərqdə mövqelərini bərpa etmək istəyir. Azərbaycana qarşı qərəzli addımlar, Ermənistanın dəstəklənməsi də Fransanın geosiyasi oyununun tərkib hissəsidir. Ermənilərə heç bir real dəstəkdən söhbət getmir. Onlar erməniləri növbəti dəfə Azərbaycana, Türkiyəyə qarşı yönəltmək istəyirlər, regionda “beşinci kolon” formalaşdırmağa çalışırlar. Fransa-erməni sevgisinin qaynağı praqmatik maraqlardır.
Təəssüf ki, Ermənistan növbəti dəfə kənar güclərin əlində alətə çevrilir və bu alətlə də onlar regionda öz destruktiv siyasətini aparmaq istəyirlər”.
Aysel Aslan
www.RIA24.az