“Bizim gündəmimiz Ermənistanla sülh, regionda əməkdaşlıqdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Niderlandın aparıcı nəşrləri – “De Volkskrant” (Xalq qəzeti), “NRC Handelsblad” və “Holland Times”, eləcə də ümumavropa nəşri olan “Diplomatic Magazine”nin bir qrup jurnalistinə açıqlamasında deyib.
Səfir jurnalistlərə sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirlərinin səbəb və nəticələri, həmçinin Azərbaycanın regionda humanitar səyləri və erməni sakinlərin reinteqrasiyası ilə bağlı planlar, danışıqlar prosesinin perspektivləri və Ermənistanla sülh sazişinin imzalanması haqqında danışıb. O, Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli formatda regional əməkdaşlığın mümkünlüyü ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb.
R.Mustafayev Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının əsassız olduğunu vurğulayıb. Əlavə edib ki, 1987-1991-ci illərdə Ermənistanda, 1991-1993-cü illərdə isə Qarabağ və ona bitişik 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Onun sözlərinə görə, bu, avropalı siyasətçilərin və ictimai rəyin diqqətindən kənarda qalıb.
Bu kontekstdə səfir Ermənistandan didərgin salınan azərbaycanlı əhalinin öz yaşayış yerlərinə qaytarılması ilə bağlı Azərbaycanın planları barədə məlumat verib, bu yanaşmanın beynəlxalq hüquq baxımından əsaslı olduğunu vurğulayıb.
Bundan başqa, R.Mustafayev Cənubi Qafqazda sülhün bərqərar olmasında beynəlxalq ictimaiyyətin rolu ilə bağlı sualları ətraflı cavablandırıb. O, Niderland hökumətini İrəvanın destruktiv yanaşmalarını deyil, Bakının regionda sülh, əməkdaşlıq mühitinin yaradılması, həmçinin sülh sazişinin imzalanması istiqamətində səylərini dəstəkləməyə çağırıb. Eyni zamanda, diplomat təəssüflə qeyd edib ki, beynəlxalq hüququn və ədalətin paytaxtı olan rəsmi Haaqa Azərbaycan ərazisində beynəlxalq hüquq normalarının və ədalətin məhz Bakının qətiyyətli addımları və fəal diplomatiyası sayəsində bərqərar olduğunu hələ də etiraf etmir.
Daha sonra jurnalistlərə qanunsuz erməni silahlı birləşmələrinin mövqelərinin məhv edilməsindən və müsadirə edilən silah-sursatlardan bəhs edən sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, “De Volkskrant” və “NRC Handelsblad” müvafiq olaraq Niderlandın üçüncü və dördüncü ən böyük nəşrləridir.

www.RIA24.az