“Şimali Kipr Türk Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək zirvə görüşünə də dəvət ediləcəyinə əminik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İƏT Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.
O, Şimali Kiprin İƏT-in üç müşahidəçi üzvündən biri olduğunu xatırladıb:
“Müşahidəçi üzvlərin İƏT-in bütün toplantılarına və zirvə görüşlərinə dəvət edilmələrinə və açıqlama ilə çıxış etmələrinə icazə verilməlidir”.
Qeyd edək ki, bu gün Şuşada Azərbaycanın sədrliyi ilə İƏT-in Nazirləri Şurasının 27-ci iclası keçirilib. Toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu müşahidəçi qismində tədbirə qatılıb.
İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndirilib, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunub.
www.RIA24.az