Avropanın siyasi mərkəzində NATO-Azərbaycan müzakirələri nəyə hesablanıb? – TƏHLİL

Siyasət

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Qərbin siyasi paytaxtı Brüsselə səfəri zamanı keçirdiyi görüşlər iki hadisə fonunda diqqət çəkir.

Birincisi, Azərbaycan dəfələrlə müharibə zamanı Şuşaya atılan “İskəndər-M” raketi barədə narahatlığını ifadə edib .

Aydındır ki, “İskəndər-M” NATO üçün də əsas təhdidlərdən biri sayılır və hərbi təşkilat Kalininqrada yerləşdirilən M modifikasiyalı raketlərə görə narahatlığını dilə gətirib.

İkincisi, son günlər Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu istiqamətində baş verən hadisələr Qərbin də diqqət mərkəzindədir.

İndi Hikmət Havıyevin səfər proqramında ilk olaraq NATO baş katibinin müavini Mirça Geoana ilə görüşü diqqət çəkir.

Görüşə dair rəsmi açıqlamadakı informasiya yükü olduqca kasaddır, bircə bilinən budur ki, tərəflər Azərbaycan-NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

Qərbin Cənubi Qafqazda artan maraqları NATO-dan da hədəfləri konkretləşdirməyi tələb edir. Onu da nəzərə alaq ki, NATO dolayısı da olsa, Türkiyə vasitəsilə ilə Cənubi Qafqazdakı hərbi proseslərdə iştirak edir. 

Türkiyənin Qarabağdakı hərbi fəaliyyəti NATO üçün də əlavə imkanların nəzərdən keçirilməsi baxımından önəm kəsb edir. 

Yəqin ki, bağlı qapılar arxasında aparılan Hacıyev-Geoana danışıqlarında NATO-Azərbaycan əməkdaşlığının perspektiv hədəfləri də müzakirə edilib. 

Bununla belə, Azərbaycanın xarici siyasət vektorları bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinə əsaslanır, yəni NATO ilə əməkdaşlığın dərinləşməsi heç də Kremllə münasibətləri soyutmağa hesablanmayıb. Məsələ burasındadır ki, NATO özü də başqa cəbhələrdə tərəzinin gözündə Moskvanın ağırlığını azaltmaq niyyətlərini aydın ifadə edir.

Cənubi Qafqazda isə NATO hələlik zəif bənddir, amma perspektv üçün planları nəzərdən keçirdiyi şübhəsizdir.

Digər bir məqama fikir verək: NATO-nun lider üzv ölkəsi ABŞ son zamanlar Qarabağdakı postmüharibə dövrü üçün doktrinasının bəndlərini hissə-hissə də olsa açıqlayır.

ABŞ üçün Azərbaycan xüsusi önəm kəsb edir: Bunun səbəblərinə gəlincə:

1. Vaşinqton Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizinə böyük dəstək göstərir.

2. ABŞ Cənub Qaz Dəhlizini Avropanın Rusiya qazından asılılığın azaldılması kimi də nəzərdən keçirir.

3. Qərb siyasi dairəsinin əsas həlqəsi olan Avropa özü də bunda maraqlıdır və bu istiqamətdə siyasətini həm ABŞ, həm də Bakı ilə uzlaşdırmaqda maraqlıdır.

İndi Ağ Ev açıq mətnlə Bakı ilə İrəvan arasında tarazlığını nümayiş etdirmək istəyir, lakin proseslərin arxasında Bakıya daha çox yatırım edir.

Enerji sahəsində ABŞ və Avropanın müştərək maraqları Azərbaycanın əhəmiyyətlilik dərəcəsini artırır. Ancaq Bakının da bunun qarşılığında tələbləri var – postmüharibə dövrü üçün ədalətli mövqe.

Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə də görüşüb.

Oliver Varhelyi “Twitter” hesabında bildirib ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə edilib.

Avropa İttifaqının Qarabağa yardımı, COVID-19 pandemiyasından sonrakı iqtisadi bərpa, TAP kəmərinin potensialı da müzakirə olunub.

Hikmət Hacıyevin səfərindən aşağıdakı nəticəyə gələ bilərik:

NATO və Avropa Birliyi post münaqişə periodunda Azərbaycanın tələb və təkliflərini nəzərdən keçirir, 

Azərbaycan NATO ilə əlaqələrin dərinləşməsindən maraqlıdır, məqsəd isə proseslərdə NATO-nun dəstəyini gücləndirməyə hədəflənib, 

Bakı beynəlxalq güclərə münasibətini balanslaşdırılmış şəkildə ortaya qoyur. Bu prizmadan Bakı balanslı siyasət bazası əsasında əsas oyunçularla münasibətlərini dərinləşdirməyi qarşıya hədəf qoyub. 

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir