Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Cəlil Abbas Cilani ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə əsaslanan strateji ikitərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə, o cümlədən parlament diplomatiyası istiqamətində ali və yüksəksəviyyəli səfərlərin, o cümlədən təmasların əhəmiyyəti vurğulanıb.
Həmçinin, Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın geniş potensialının olduğu diqqətə çatdırılıb.
Görüşdə nazir Ceyhun Bayramov həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edilməsi və qanunsuz rejimin buraxılması məqsədilə həyata keçirdiyi antiterror tədbirləri barədə məlumatlandırıb.
Pakistanlı nazir İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının növbəti iclasının Azərbaycanın Şuşa şəhərində yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklədiyini vurğulayıb.
Bu kontekstdə, Ermənistanın 30 illik işğalı dövründə, habelə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərilən dəstək yüksək qiymətləndirilib.
Görüşdə nazirlər, həmçinin, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.
www.RIA24.az