Fransanın MDB hazırlığı – TƏHLİL

Siyasət


Azərbaycan Qarabağda antiterror tədbirləri həyata keçirdikdən sonra Cənubi Qafqaz hərbi müstəvidə sabit dövrünə qədəm qoyub, hərçənd, Fransa suyu bulandırmaq üçün əlindən gələni edir.

Bu onu göstərir ki, Cənubi Qafqazdakı sabitlik modeli Fransanın regional və beynəlxalq gündəmi ilə eynilik təşkil etmir.

Fransanın hərəkətlərindəki aqressiya Parisin qlobal səhnədəki itki riskləri ilə əlaqəli şəkildə inkişaf edir.

Lakin biz Cənubi Qafqaz regionu üzrə kontekstdə Fransanın Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonundakı addımlarını izah etməyə çalışacağıq.

Birinci növbədə, Bakı-Ankara birliyi Fransanın regional ambisiyalarının yayılması önündə həlledici maneədir.

Parisin Ermənistanı silahlandırmaq cəhdi, Cənubi Qafqaz oxunda var-gəl etməsi Azərbaycanla Türkiyənin strateji enerjisini xərcləmək məqsədlərinə xidmət edir.

İkincisi, Azərbaycan-Türkiyə müttəfiqliyi beynəlxalq rəqabət müstəvisində üst nöqtədə dayanan supergüclər arasında geniş manevr sahəsi qazanır. Burada Fransaya yer yoxdur, çünki Parisin regional və beynəlxalq siyasəti hətta Qərbdə belə, strateji narahatlıqlara səbəb olur.

Üçüncüsü, Fransanın Cənubi Qafqazda istədiyi payı ala bilməməsi onun digər regionlara açıla biləcək qapılarını bağlayır, yəni Bakı-Ankara strateji müttəfiqliyi Paris üçün regional dalandır.

Fransa cavab olaraq militarizm siyasətini və arxa plandakı ikrah doğuracaq oyunlarını dövriyyədə tutur ki, bəlkə, nələrisə əldə etsin.

Fransanın Ermənistanı silahlandırmaq istəyi:

– Parisin regionda hərbi qarşıdurma və silahlı gərginlik yaratmaq,

– Perspektiv üçün qapıları aralayıb nüfuz dairəsinə girmək cəhdlərindən xəbər verir.

İndi üçün isə Fransanın iddiaları və planları alt-üst olub, Paris itkilərinin davamının gəlməməsi üçün:

– Regionda Azərbaycanın və Türkiyənin maraqlarına əks işləyə biləcək bütün platformalar üzrə sövdələşmə kanalları axtarır,

– Ermənistanı silahlandırmaq arzusu ilə regional güc nisbətindəki balansı dəyişə biləcəyini düşünüb əldə edəcəyi nəticələri sövdələşmə masasına proyeksiya etmək istəyir.

Göstərilən tendensiya fonunda Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini qəbul edərkən səsləndirdiyi bəyanat maraq doğurur.

Əliyevin bəyanatındakı Fransa ilə bağlı hissələr:

– Qərbdəki erməni havadarlarından əsas skripkanı çalan Fransadır;

– Fransa bu gün də müstəmləkələr saxlayır;

– Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində Fransanın vasitəçiliyi lazım deyil.

Marağa səbəb ola biləcək digər məqam Əliyevin həmin bəyanatları MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri qarşısında səsləndirməsidir.

Hesab etmək olar ki, Fransa MDB məkanında hərəkət istiqamətlərini təzələyən hazırlıqlara başlayıb və Parisin regionda planlaşdırdığı kəşfiyyat fəaliyyətləri barədə ciddi siqnallar mövcuddur.

Deməli:

– Azərbaycan Türkiyə ilə birlikdə Fransanın Cənubi Qafqazdakı fəaliyyət dairəsini məhdudlaşdıracaq strategiyalar işləyib-hazırlayacaq,

– Azərbaycan MDB məkanında Fransanın prinsiplərinin işlək olmaması üçün müzakirələri davam etdirəcək.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir