“Nikol Paşinyan Ermənistanı Fransanın ambisiyalarının əsirinə çevirib” – RƏY + FOTO

Siyasət


“Baş nazir Nikol Paşinyan Ermənistanı bəzi ölkələrin, konkret olaraq Fransanın ambisiyalarının əsirinə çevirib. Bölgədə baş verənlər aydın şəkildə göstərir ki, İrəvanın siyasəti Rusiyanın Ermənistandan çıxarılmasına yönəlib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, N.Paşinyanın MDB dövlət başçılarının Bişkek sammitinə getməməsinin də əsas səbəbi budur:

“Gedib Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə nə üzlə görüşəcəkdi? Ermənistan hakimiyyəti çox ölkələrlə körpüləri yandırıb, ancaq Rusiya ilə münasibətləri belə kritik həddə çatdırması ona baha başa gələcək. Bunu Rusiya rəsmilərinin bəyanatlarından da hiss etmək olar. Ölkənin sərhədlərini rus hərbçilər qoruyurlar, dəmir yolları, elektrik xətləri, atom elektrik stansiyası, bütövlükdə iqtisadiyyatı Rusiyadan asılıdır, Paşinyan isə ssenarisi Avropada yazılmış avantüralar üçün alət rolunu oynayır”.

Deputat vurğulayıb ki, Ermənistanın acı hərbi və diplomatik məğlubiyyətlərinə baxmayaraq, beynəlxalq platformalarda Azərbaycana qarşı həmlələrə davam etməsi onu göstərir ki, Paşinyan yekun sülh sənədini imzalamaqda maraqlı deyil:

“Daha doğrusu, bunda onu himayə edən dövlətlər maraqlı deyillər. Qarabağın bir problem mövzusu olaraq qalması Fransa kimi dövlətlərin əsas məqsədi idi. Başda Paris olmaqla Avropa bu problem vasitəsilə regiona təsir etmək və əsas hədəfləri olan Rusiyanı bölgədən çıxarmaq niyyətlərini reallaşdırmaq istəyir. “Ermənilərə qarşı soyqırımı”, “humanitar böhran” adı ilə nüfuz etməyə çalışırlar ki, Rusiyanın bu vəziyyətdə gücsüz olduğunu göstərsinlər. Paşinyan da bu oyuna gedir, daha doğrusu, getməyə məcbur edilir. Moskvanın ünvanına işlədilən ittihamlar bu oyunun tərkib hissəsidir”.

E.Allahverdiyev söyləyib ki, heç bir Avropa dövləti Qarabağdan köçən bir erməni ailəsini belə qəbul etmədi:

“Bir ay ərzində Ermənistana görə BMT Təhlükəsizlik Şurasında iki dəfə məsələ qaldıran Fransanın İrəvandakı səfirindən soruşanda ki, ölkəsi Qarabağ ermənilərini qəbul etməyi planlaşdırırmı, elə təlaşlanmışdı ki, elə bil həqiqətən də ermənilər Marsel yolundadırlar. Bütün bunlar göstərir ki, Qərbi ermənilər deyil, öz mənafeləri maraqlandırır. Ermənistan da bu maraqların reallaşması üçün vasitədir. Paşinyan dünən bəyan etdi ki, Qarabağdan köçən ermənilərdən 2500 nəfəri artıq Ermənistanı da tərk edib. Aydındır ki, onlar Avropaya, Fransaya deyil, Rusiyadakı qohumlarının yanına gediblər. Belə bir reallıqda Paşinyanın Moskva ilə münasibətləri sərtləşdirməsi İrəvana yaxşı heç nə vəd etmir. Ermənistanda politoloqlar artıq zarafatla deyirlər ki, xarici ölkə liderlərinin addımlarını proqnozlaşdıra bilirlər, Paşinyanın isə yox. Çünki onun dünən dediyi ilə bu gün etdikləri ziddiyyət təşkil edir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir