İsrail-Fələstin münaqişəsinin dərin kökləri və ideoloji tarixçəsi olduğu heç kimə sirr deyil. Elə bölgədə şahidi olduğumuz son hadisələr də münaqişənin tarixi-ideoloji bünövrəsi üzərində qurulan və bu gün də bu ərazilərdə müşahidə edilən hərbi-siyasi proseslərin məntiqi davamıdır.
İstər Fələstin siyasi camiəsində təmsil olunan radikal düşüncəli və onlara dəstək verən regional, eyni zamanda qlobal qüvvələr, istərsə də İsrail siyasi elitasının mühafizəkar və ultra-sağçı elementləri, həmçinin onların xarici müttəfiqləri, bu münaqişənin kompromis əsasında həll edilməsində maraqlı deyillər.
Bu əsnada qeyd edək ki, İsrail ilə Fələstin arasında sülhə nail olmaq elə də mürəkkəb bir məsələ deyil və tərəflər buna 1993-cü illdə çox yaxın olublar. Həmin dövrdə sülh prosesinə start Fələstinin 1987-ci ildə başlatdığı Al-Haccara adlı intifadasına, yəni fələstinlilərin silahlı üsyanına, son qoyur. Məlumat üçün bildirək ki, intifada Qəzza, İordan çayının qərb sahili və İsrailin özündə yaşayan ərəb fələstinlilərin İsrail Dövlətinə qarşı olan silahlı üsyanıdır. Bu üç elementdən biri üsyana qoşulmazsa, intifada elan edilmir.
Beləliklə, Oslo sazişləri kimi tarixə düşən İsrail-Fələstin danışıqlarında İsrail tərəfdən Baş nazir İshaq Rabin və Xarici işlər naziri Şimon Peres, Fələstin tərəfdən isə Fələstin Azadlıq təşkilatının rəhbəri Yasir Ərəfat və nümayəndə heyətinin rəhbəri Əbu Mazen kimi tanınan Mahmud Abbas olur. 1993-cü ildə Osloda İsrail-Fələstin arasında baza prinsiplərini əhatə edən bir razılaşma əldə edilir. Daha sonra, 1995-ci ilin 24 sentyabrında Misirdə keçirilən görüşdə tərəflər arasında sülhə dair sənəd imzalanır və dörd gün sonra Vaşinqtonda Oslo-2 razılaşmaları kimi tarixə düşən həmin sənəd rəsmiləşdirilir. Razılaşmaya əsasən İordan çayının qərb sahilindən və Qəzza bölgəsindən İsrail müdafiə qüvvələri çıxarılır və həmin ərazilərdə Fələstin özünüidarəetmə şurası yaradılır.
Təəssüflər olsun ki, bu razılaşma İsrail Knesseti tərəfindən ratifikasiya edilsə də, sona qədər icra olunmur. Buna səbəb İsraildə İshaq Rabinin qətlə yetirilməsi və proseslərdə siyasi dəyişikliklər olur. Bundan sonra hər iki tərəf bir-birini razılaşmaları pozmaqda ittiham edir və tərəflər arasında yenidən silahlı qarşıdurmalar başlayır. Bu gərginlik 2000-ci ildə “Al-Aqsa” adlı ikinci intifadaya səbəb olur.
Bu intifada 2005-ci ilə qədər, yəni İsrailin Qəzza bölgəsindən silahlı qüvvələrini və 21 yahudi yaşayış məntəqəsini, habelə İordan çayının qərb sahilindən 4 yahudi yaşayış məntəqəsini təxliyə edənə qədər davam edir. Nəticə olaraq, Gəzza bölgəsi tam olaraq Fələstinin idarəetməsinə keçir.
Sonrakı proseslərdə HƏMAS Fələstin xalqının rəğbətini qazanır və 2006-ci il parlament seçkilərində 133 yerdən 73-nü əldə edir. HƏMAS-ın elan etdiyi siyasi proqramın əsas müddəası – İsrail dövlətinin məhv edilməsi və onun yerində Teokratik İslam Dövlətinin qurulması olur. Fələstin muxtariyyətinin yaradılmasına dəstək verən dövlətlər isə HƏMAS-ın bu proqramı səbəbindən məsələyə baxışlarını köklü şəkildə dəyişirlər. Ələlxüsus, ABŞ, Aİ, RF və BMT Fələstinə bütün yardımları dayandırır. Əsas tələb Fələstin ərazilərində yer alan qrupların tam şəkildə tərk-silah edilməsi olur.
Bütün bu proseslər Fələstində Abu Mazenin rəhbərlik etdiyi FƏTH partiyası və HƏMAS tərəfdarları arasında gərginlik, sonra isə silahlı qarşıdurmaya səbəb olur. Nəticə olaraq 2007-ci ildə HƏMAS Qəzzada silahlı çevriliş edir və idarəetməni ələ keçirir. O gündən indiyə qədər istər İsrail-Fələstin sülh prosesində, istərsə də Fələstinin daxili siyasi həyatında hər-hansı bir ciddi dəyişikliklər baş verməyib.
O dövr üçün mühüm məsələlərdən biri də Ərəb dövlətləri liqasının Ərəb-İsrail münaqişəsinə son qoymaq üçün 2002-ci ildə irəli sürdüyü Sülh təşəbbüsüdür. Sənədə əsasən, İsrail 1967-ci il sərhədlərinə qayıtmalı, fələstinli qaçqınların geri dönməsinə şərait yaratmalı, paytaxtı Şərqi Qüdsdə olmaqla Qəzza zolağı və İordan çayının qərb sahilində Fələstin dövləti yaradılması ilə razılaşmalıdır. Bu təşəbbüsü Fəth partiyası qəbul etsə də, HƏMAS ona qarşı çıxır. İsrail tərəfi buna heç-bir rəsmi reaksiya vermir. Liqanın irəli sürdüyü bu təşəbbüs bu gün də aktuallığını itirməyib və qurumun zirvə görüşlərində qəbul edilən bu sənədə ara-sıra istinad edilir.
Beləliklə, İsrail-Fələstin münaqişəsini iki ideologiyanın qarşıdurması kimi izah etmək olar: fələstinlilərə görə İsrail, israillilərə görə isə Fələstin bu coğrafiyadan bir dövlət qismində silinməlidir. Bu proseslərdə sezilən isə daxili və xarici qüvvələrin irəli sürdüyü radikal islamçı və radikal yəhudi yanaşmalarıdır. Gəlinən nəticə odur ki, İsrail və Fələstin siyasi cameəsində radikal xətt təmsil olunduqca, İsrailə hücumlar və ya Qəzza zolağına aviazərbələr hələ çox davam edəcək.
Bəli, əziz tamaşaçılar, HƏMAS təmsilçilərinə bizim siyasi qrup adı verməmizə etiraz da edə bilərsiniz, onları terrorçu da adlandıra bilərsiniz. Amma, məsələni, ələlxüsus da HƏMASI siyasiləşdirən biz deyil, İsrail hakimityyəti özü olub. Yuxarıda qeyd etdiklərimizə daha bir tarixi prosesi əlavə edək. Götürək israilli hərbi əsir Gilad Şalitin işini. 2006-2009-cu illərdə Baş nazir Ehud Olmertin, 2009-2011-ci illərdə isə Benyamin Netenyahunun rəhbərlik etdikləri İsrail hökuməti HƏMAS-la danışıqlar aparıblar. Nəticə olaraq, 2011-ci ildə HƏMAS İsrail həbsxanalarında olan 1027 fələstinli məhbusun azad edilməsi müqabilində Gilad Şaliti İsrailə təhvil verib.
Onu da vurğulamaq lazımdır ki, İsrail siyahı üzrə azad etdiyi bütün bu şəxsləri terror ittihamı ilə həbs etmişdi. Onların arasında 17, 18, 19 və hətta 36 il və ya ömürlük həbs cəzası alan şəxslər də var idi. Bu və digər hallar, habelə İsrail hökumətinin HƏMAS-la mütamadi danışıqlar aparması, razılıqlara gəlib onları icra etməsi HƏMAS-a siyasi legetimlik qazandırıb. Elə bu gün də tərəflər arasında açıq dialoq olmasa da, pərdəarxası birbaşa və ya üçüncü tərəflər vasitəsi ilə təmasları istisna etmək sadəlövhlük olar.
HƏMAS-ın İsrailə məlum hücumları və onun nəticələrinə gəldikdə isə, ilk növbədə, hücumun səbəb və hədəflərinin nədən ibarət olduğu bu günə kimi bəlli deyil. Bu baxımdan hücumun gözlənilməz olması müzakirə predmeti olsa da, HƏMAS silahlı dəstələrinin İsrailin 30 km dərinliyinə açıq şəkildə və müqavimətsiz hərəkət etməsi, nizamsız şəkildə insanlara atəş açıb və nəticə etibarı ilə mövqelənməməsi müəmma doğuran məsələlərdən biridir.
Digər tərəfdən, həmin ərazilərə səfər etmiş və İsrailin bu bölgədə tətbiq etdiyi təhlükəsizlik tədbirləri ilə tanış olan bir jurnalist kimi qeyd edə bilərəm ki, Tel-Əvivin bu hücuma operativ şəkildə reaksiya verməməsi daha çox müəmma doğuran məsələlərdəndir.
Beləliklə, hər iki tərəfin son hadisələrdəki davranışında – yəni, istər HƏMAS-ın hücumlarında konkret məramın olmaması və ya hələ də gizlədilməsi, eyni zamanda İsrail qüvvələrinin bu hücuma kecikən reaksiyası – məntiqdən kənar qalır.
Xəritədə gördüyünüz ərazi Qəzza zolağıdır. Qərbdən Aralıq dənizinə çıxır, cənubdan Misirlə, şimal və şərqdən isə İsraillə həmsərhəddir. Bütün sərhəd zolağı boyu İsrail və Qəzza bölgəsi arasında hasar inşa edilib. Bəzi sahələrdə bu hasar hündür beton divardan ibarətdir.
Həmasın hücumları eyni anda şimal və şərqdən həyata keçirilib – qurudan, havadan və dənizdən. İsrail bu hücumların qarşısını ala bilərdimi? Təbii ki. Yayımlanan video görüntülərdən də bəlli olur ki, dənizdən İsrail ərazilərinə mühərrikli qayıqlar vasitəsi müdaxilə cəhdlərinin qarşısı sərrast atəşlə alınır.
Bəs Qəzza ilə İsrail arasında olan hasara hücum edən qüvvələrin qarşısı alına bilərdimi? Cavab, “bəli, alına bilərdi”. Gördüyünüz bu sxem həmin ərazinin təsviridir. Sxemin mərkəzində iki hasar görürük. Bu iki hasarın arasında ərazinin müxtəlif sahalərində vallar da inşa edilib. Eyni zamanda burada İsrail patrul növbətçiliyi həyata keçirilir.
Hər iki hasarın yaxınlığında müşahidə/gözətçi qüllələri yerləşdirilib. Qəzza tərəfdən qırmızı rənglə işarələnən və eni 100 metr olan bu ərazi isə yüksək təhlükəli bir ərazidir və ora kənar şəxslərin girişi qadağandır. Sarı rənglə işarələnən bu hissəyə isə yalnız fermerlər piyada şəkildə daxil ola bilərlər.
Sərhəddə qurulan bu istehkamın əsas məramı, təbii ki, təhlükəsizlik tədbirləri ilə bağlıdır. Bunun üzərinə ərazidə xidmət aparan İsrailin iki briqadadan ibarət Qəzza Diviziyasını və 933-cü “Nahal” briqadasını, habelə İsrailin Cənub Hərbi Komandanlığının mühəndis fəaliyyəti göstərən “Polad Cəngavərlər” bölməsini və Şimal Hərbi Komandanlığının “Polad Pişiklər” bölməsinin döyüş mühəndisliyi batalyonlarını, həmçinin “Yahalom” Xüsusi Əməliyyatlar Mühəndisliyi Bölməsini və hasarın müdafiəsini təşkil edən Texnologiya və Baxım Korpusunun “Komet” bölməsini də əlavə etsək belə qənaətə gəlmək olar ki, bura sadəcə bir sərhəd bölgəsi deyil, keçilməz bir qaladır. Bütün dediklərimizin üzərinə “Mossad”ın kəşfiyyat fəaliyyətini də gəlsək bu hücumdan İsrail tərəfənin xəbərinin olamamsı kifayət qədər suallar doğurur.
Beləliklə, HƏMAS-ın İsrailə hücumu və İsrailin gecikən cavabının, habelə hücum nəticəsində ABŞ-nin bölgəyə əlavə qüvvələr cəlb etməsinin arxasında hansı böyük hədəflər durduğunu yaxın zamanlarda biləcəyik. Görünən odur ki, HƏMAS-ın hücumlarından sonra hədəfə yalnız Qəzza zolağı deyil, həm də Livanda “Hizbullah” qüvvələri və Suriya ərazisi alınıb. Bu qanlı toqquşmanın nəticəsində isə ölənlər və yaralananlar mülki insanlardır.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az