Fuad Hüseynəliyev: “Ermənistan baş nazirinə təsir edən qüvvələrin çoxu Avropadadır”

Siyasət


“Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Avropa Parlamentindəki çıxışında “etnik təmizləmə” məsələsini ortaya atmaqla Avropadakı havadarlarının mesajını səsləndirib”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB 24” televiziya kanalına müsahibəsində deyib.

Agentlik rəhbəri bildirib ki, onun çıxışına nəzər yetirəndə Ermənistanın əvvəlki dövrlərlə nisbətən indi daha çox sülhə hazır olduğu görülür:

“Bunun ilkin səbəbi isə Azərbaycanın bu ilin sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirləri çərçivəsində ərazilərimizdə suverenliyimizi tam bərpa etməsidir. Bundan sonra isə separatçıların təzyiqi ilə Qarabağ iqtisadi zonasını ermənilər tərk etdilər. Bu isə məsələnin faktiki olaraq bitdiyini göstərir. Əvvəllər Ermənistan tərəfi Qarabağda yaşayan ermənilərə hansısa statusun verilməsi barədə fikirlər səsləndirirdi. İndi bu xülyaların üstündən xətt çəkilib. Artıq Azərbaycan həm suverenliyini, həm də ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Belə olan halda isə Ermənistanın sülh müqaviləsi imzalamaqdan yayınmaq üçün hər hansı bir bəhanəsi qalmayıb. Hesab edirəm ki, Ermənistan baş nazirinin sözügedən çıxışı reallığa daha çox uyğundur. Ancaq Fransa və digər bir sıra kənar qüvvələrin Ermənistana təsirini gözardı etmək olmaz. Onlar məsələnin yubanmasına və sülhün, əməkdaşlığın bərqərar olunmamasına çalışırlar. Hazırda Ermənistan qlobal güclərin mübarizə arenasına çevrilir. Təbii ki, Azərbaycan tərəfi də bütün bunlardan xəbərdardır və hər şeyi nəzərə alır”.

F.Hüseynəliyev Paşinyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğuna inanmaq istədiyini deyib:

“Ermənistan baş nazirinə təsir edən qüvvələr var və onların da çoxu Avropadadır. Bu baxımdan Paşinyan “etnik təmizləmə” məsələsini ortaya atmaqla Avropadakı havadarlarının mesajını səsləndirib. Ancaq həmin fikirlərin heç bir nəticəsinin olmayacağını hesab edirəm. Çünki sülh müqaviləsi bu gün ən çox Ermənistana lazımdır”.

O, Avropa Parlamentinin Azərbaycana qarşı ən qərəzli çıxış edən qurum olduğunu xatırladıb:

“Ona görə Ermənistanın baş nazirinin məhz bu qurumda Azərbaycanla qeyd-şərtsiz sülhlə bağlı danışması demək olar ki, mümkün deyildi. Paşinyan “etnik təmizləmə” ilə əlaqədar əsassız ittiham səsləndirməklə bəlkə də gələcəkdə baş verə biləcək proseslərdən qazanc əldə etmək istəyib. O, Ermənistan bəyan edib ki, 100 mindən çox insan ölkəyə köç edib. Fikrimcə, Paşinyanın sözügedən ritorikadan çıxışı həm də Avropadan maliyyə yardımı almağa hesablanıb. Çünki Ermənistanın iqtisadi gücü çox zəifdir. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistana həmin məsələ ilə əlaqədar yardım edilib. Hansı ki, 1 milyon qaçqını olan Azərbaycana Ermənistana edilən yardımın 10 faizi belə edilməyib. Nədənsə, Ermənistanla əlaqədar məsələdə Avropa ölkələri çox çevik reaksiya verirlər. Bununla onlar Azərbaycana qarşı gələcəkdə ola biləcək təzyiqlərin əsasını qoymağa çalışırlar. Əminəm ki, Azərbaycan dövləti, həmçinin İlham Əliyev bütün bunları əvvəlcən hesablayıb”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir