Sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağ separatçılardan təmizləndi. Yəni Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli bəyanatla üzərinə götürdüyü və ötən üç il ərzində icra etmədiyi – “Qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır” öhdəliyini Azərbaycan hərbçiləri cəmi 24 saat ərzində yerinə yetirdi.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənddə Azərbaycan bayrağını qaldırdı. Beləliklə, Azərbaycan həm də öz suverenliyini bərpa etdi. Lakin Azərbaycanla Ermənistan arasında hələ də qalıcı sülh mövcud deyil. Belə ki, Qarabağ münaqişəsi həll olunsa da, Ermənistan-Azərbaycan gərginliyi qalmaqdadır. Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, regionda sabitliyin təmin edilməsi və qorunması kimi məsələlər isə tərəflər arasında sülh müqaviləsinin imzalanmasını labüd edir. 2020-ci ildən etibarən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə nail olmaq üçün Brüssel, Vaşinqton, Moskva formatlarında danışıqlar təşkil edilib. Ancaq bu gün Azərbaycan üçün önəmli olan danışıqların hansı formatda keçirilməsi yox, nəticənin əldə edilməsidir.
“Report” yuxarıda bəhs olunan məsələlərlə yanaşı, Azərbaycanın son bir ayda üzləşdiyi beynəlxalq təzyiqlər, Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası, tərəflərin sülh müqaviləsinin imzalanması üçün verə biləcəyi töhfələr və bu qəbildən olan bir sıra məsələlərlə əlaqədar Topçubaşov Mərkəzinin rəhbəri, siyasi analitik Rusif Hüseynovla söhbət aparıb.
Onunla müsahibəni təqdim edirik:
– Qarabağ münaqişəsi artıq həll olunub. Ancaq Azərbaycanla Ermənistan arasında qalıcı sülh müqaviləsi hələ də imzalanmayıb. Proseslər bundan sonra necə irəliləyəcək?
– Əvvəla, onu bildirim ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı çox optimistəm. Düşünürəm ki, proses müsbət nəticə ilə yekunlaşacaq. Nə qədər paradoksal səslənsə də, Qarabağ münaqişəsinin həll olunması bu prosesə ancaq müsbət təsir göstərəcək. Son bir neçə ildə yaşananlara fikir versək, görərik ki, Ermənistan hakimiyyətinin Qarabağla bağlı diskursu təkamül edib, “Artsax Ermənistandır” formulundan “Qarabağ Azərbaycandır” ifadəsinə keçiblər. Hər zaman hiss olunub ki, Qarabağ problemi sanki Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasında ağır yük idi. Onlar bir tərəfdən o yükdən azad olmaq istəyirdilər, digər tərəfdən də bunu açıq-aşkar çatdırmağın problem olduğunu anlayırdılar. Çünki Ermənistan əhalisi, erməni diasporu, ümumiyyətlə, beynəlxalq ictimaiyyət bunu düzgün başa düşməyəcəkdi. Ona görə də, bəlkə də, İrəvan hazırda çox rahatlaşıb ki, rəsmi Bakı Qarabağ məsələsini həll elədi və Azərbaycanın yurisdiksiyasını Xankəndi və ətraf ərazilərdə de-fakto qura bildi. Qarabağ məsələsi Azərbaycanla Ermənistan arasında problemin əsas mənbəyi idi. O öz həllini tapdığı üçün digər mövzular üzrə ümumi dil tapmaq daha rahat olacaq. Ancaq bəzi məsələlər hələ bir müddət bizim diqqət və enerjimizi özünə çəkə bilər. Məsələn, Azərbaycanın bir neçə anklav kəndi məsələsi buraya daxildir.
– Sülh müqaviləsinin imzalanması üçün bütövlükdə münbit şərait olmalıdır, həmin şəraitin yaradılmasına hər iki ölkə necə töhfə verə bilər?
– Burada biz çərçivə sazişindən bəhs edirik. Bu, o deməkdir ki, yekun sənəddə Azərbaycanla Ermənistan arasındakı bütün mövzular əhatə olunmaya bilər. Burada Azərbaycanla Ermənistan müəyyən müddəalar üzrə razılığa gəlir, ondan sonra həmin müddəalar növbəti danışıqlar yolu ilə icra olunur. Töhfələrə gəldikdə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi bir neçə prinsip vardı. Bunlara qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımaq, ərazi iddialarından əl çəkmək, sərhədlərin müəyyənləşdirilməsi və sair daxil idi. Yəni Azərbaycan tərəfinin mövqeyi bəllidir. Artıq top Ermənistan tərəfdədir.
Məndə belə bir hiss vardı ki, Azərbaycan hökuməti son antiterror tədbirlərinə qədər Qarabağ və ya Ermənistan fəslini tez zamanda bağlamağa çalışırdı. Çünki beynəlxalq aləmdə çox qəribə proseslər gedir və sabahla bağlı qeyri-müəyyənlik var. Bilmirik ki, növbəti gün nə baş verəcək. Ona görə də Azərbaycan öz çağdaş tarixində Qarabağ problemini birdəfəlik həll etməyə çalışırdı. Nəticədə son bir neçə ayda bütün resurslar ona həsr olunmuşdu ki, Qarabağ Azərbaycana reinteqrasiya olunsun. Qarabağ üzərində tam nəzarət bərpa olunandan sonra isə Azərbaycanın tələskənliyi ikinci plana keçdi, çünki tələsmək üçün səbəbimiz yoxdur.
Əksinə, Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmaya getməkdə maraqlı olmalıdır. Burada təkcə sərhədlərin açılmasından, Ermənistan iqtisadiyyatının rahat nəfəs almasından söhbət getmir. Çünki indiki Ermənistan siyasi rəhbərliyinin xarici siyasətdə dönüş nöqtəsi var. Onlar Rusiyadan ayrılıb Qərbə doğru hərəkət etmək istəyirlər, amma iki qonşu ilə münasibətləri normallaşdırmamış bunu etmək çətin olacaq. Ona görə də hazırda top Ermənistan tərəfdədir. Ermənistanın hansısa ciddi töhfəsi olarsa, Azərbaycana tərəf addım atılarsa, biz tərəqqi gözləyə bilərik.
– Sülh müqaviləsi imzalanarsa, delimitasiya və demarkasiya məsələləri istiqamətində danışmaq olar. Bu zaman Ermənistanın üç il əvvəl Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri icra edəcəyini düşünürsünüzmü?
– Düzü, Üçtərəfli Bəyanatın bir sıra müddəaları artıq aktuallığını itirir. Məsələn, artıq bizdə “Laçın dəhlizi” anlayışı yoxdur. Artıq Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması məsələsi gündəmə gələ bilər. Əvvəl də dediyim kimi, Azərbaycan və Ermənistan arasındakı münasibətləri normallaşdırmaq üçün yeni bir çərçivə sənədinə ehtiyac duya bilərik. Proseslər də ona doğru gedir.
Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı isə baş nazirlərin müavinləri səviyyəsində işçi qrup mövcuddur. Yəqin ki, praktiki iş başlayacaq. Amma təxminən 1000 kilometrlik sərhəd ərazisinin müəyyənləşdirilməsi asan olmayacaq. Nəzərə alaq ki, hələ heç Azərbaycanla Gürcüstan arasında bütün sərhədlər tam müəyyənləşməyib. Əslində, o da normal praktikadır. Çünki bir çox sərhəd xətləri dağlardan, insanların getmədiyi yerlərdən keçir. Azərbaycanla Ermənistan sərhədlərinin böyük hissəsi də dağlıq ərazidən ibarətdir. Sovet dövründə sərhədlər belə müəyyənləşirdi; kolxoza hansısa örüş sahəsi lazım olurdu və həmin örüş sahəsini kolxoza təhkim edirdilər, buna uyğun olaraq da o ərazi ya Azərbaycana, ya da Ermənistana verilirdi. Nəticədə hər onillikdə yeni xəritə ortaya çıxırdı. Ermənistan 1975-ci il xəritələrinə istinad edir, amma o xəritələrin necə olduğunu heç kim bilmir. Düşünürəm ki, əsas real işin başlamasıdır.
– Tərəflər arasındakı danışıqlarda iştirak edən vasitəçilər barədə də fikirlərinizi bilmək istəyərdik. Ən uğurlu vasitəçi kimi hesab edirsiniz? Məsələn, Azərbaycan bir neçə dəfə bildirib ki, yenidən Avropa İttifaqı (Aİ) ilə üçtərəfli formatda danışıqlara hazırdır. Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə lazımi töhfəni verdiyini və bundan sonra da verə biləcəyini güman edirsinizmi?
– Mənimlə bir sıra azərbaycanlı ekspertlər də razılaşar ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasındakı 30 illik danışıqlar zamanı ən səmimi vasitəçi olub. Bunun da yeganə səbəbi Avropa İttifaqının geosiyasi oyunçu olmamasıdır. Rusiya, ABŞ, Fransa kimi öz vasitəçilik xidmətini təklif edən qüvvələrin hər birinin regionla bağlı geosiyasi maraqları olub. Ona görə də onların vasitəçiliyində həmişə müəyyən qərəz olub. Nəticədə müəyyən məsələlərdə hər iki tərəf narazı qalıb. Ancaq Avropa ittifaqının faktiki geosiyasi ambisiyası yoxdur. Sadəcə olaraq, qonşuluqda yerləşən regionda sabitlik və sakitliyin təmin olunmasına çalışırlar. Azərbaycanla Ermənistan arasında ən böyük tərəqqi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və sair məhz Brüssel formatında mümkün olmuşdu. Ona görə də Azərbaycan tərəfdə Avropa İttifaqına müəyyən ümid var, baxmayaraq ki, bəzi hallarda Bakının narahatlığına səbəb olan məqamlar meydana çıxırdı. Məsələn, Aİ-nin faktiki xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycan əleyhinə bəyanatlar verməsini qeyd edə bilərik.
– Bildiyiniz kimi, gələn il Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişel öz postunu tərk edəcək. Sizcə, onun yerinə gələcək şəxs vasitəçiliyi eyni səviyyədə apara biləcəkmi?
– Doğrudur ki, bəzi danışıqlar Aİ Şurasının Prezidenti Şarl Mişelin nüfuzundan qaynaqlanır. Bu prosesi o aparır. Amma gələn il onu başqa bir şəxs əvəz edəcək. Həmin şəxsin hansı siyasi baxışa malik olacağı, regionla bağlı strateji baxışı, loru dildə desək, hansı ölkənin adamı olacağı böyük maraq doğurur. Çünki bütün bunlar danışıqlar prosesinə təsir edə bilər. Bəlkə də bunu nəzərə alaraq Bakı artıq ehtiyat bir “aerodrom” hazırlayır.
Bəllidir ki, əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Qərb ölkələrindən birində imzalansa, bu, Kremlin narazılığına səbəb olacaq. Bu narazılığı əvvəldən duymaq ona görə mümkündür ki, hər Brüssel və Vaşinqton görüşündən sonra Moskva görüşü olur. Ancaq Moskva formatı ilə nəyəsə nail olmaq hazırda real görünmür. Çünki Ermənistanın hazırda Rusiya ilə münasibətləri çox aşağı səviyyədədir. Güman ki, İrəvan Moskvanın vasitəçiliyi çərçivəsində nəyəsə nail olmaq istəməyəcək. Bu, ehtiyat “aerodrom” isə Gürcüstanın timsalında ortaya çıxır. Prezident İlham Əliyevin Gürcüstana son səfəri zamanı verdiyi açıqlamalar da onu göstərir ki, Azərbaycan yeni bir vasitəçilik mexanizmi ortaya qoyur. Bu mexanizmin mahiyyəti odur ki, Cənubi Qafqazla bağlı məsələ elə Cənubi Qafqazda həll olunsun. Nəzərə almaq lazımdır ki, Tbilisi hər zaman Cənubi Qafqazın siyasi-ictimai həyatında böyük rol oynayıb. Son 25-30 ildə də vətəndaş cəmiyyətləri, sülh aktivistləri, qeyri-hökumət təşkilatları arasındakı kommunikasiyanın əsas baş verdiyi məkan Tbilisi olub. İndi təsəvvür edin ki, artıq hökumətlər də bu məkandan istifadə etməyə başlayırlar. Bu, mənə təəccüblü görünməyəcək. Gürcüstan tərəfinin də buna marağı var, ancaq yenə də top Ermənistan tərəfdə qalır. Sona qədər əmin deyiləm ki, Ermənistan Fransanın və ABŞ-nin, ümumiyyətlə, özü üçün müttəfiq hesab etdiyi ölkələrin iştirakı olmadan Azərbaycanla tet-a-tet müzakirələrə gedəcək, yoxsa yox. Paşinyan özündə bu gücü tapsa, onda biz hansısa praktiki nəticələrdən danışa bilərik.
– Bir məsələ də var ki, hazırda Gürcüstanda siyasi baxışına görə cəmiyyətdə qütbləşmə var. Üstəlik, Prezident Salome Zurabişvili ilə “Gürcü Arzusu” partiyası arasında da ciddi gərginlik mövcuddur. Yəni ölkədə bizə lazım olan siyasi sabitlik yoxdur. Mövcud vəziyyətdə Gürcüstan prosesə uğurlu töhfə verə bilərmi?
– Gürcüstan parlamentli respublikadır. Burada prezidentin səlahiyyətləri çox simvolikdir. Hazırda “Gürcü Arzusu” partiyası Zurabişvilini impiçmentə məruz qoymaq istəyir. Çünki faktiki real hakimiyyət bu partiyanın əlindədir, parlamentdə çoxluğa malikdir. Baş nazir və onun bütün hökumət komandası həmin partiyanın nümayəndələridir. Zurabişvilinin səlahiyyətləri isə çox deyil, ona görə də onun getməsi və yerinə başqa adamın gəlməsi çox şeyi dəyişməyəcək. Səhv etmirəmsə, növbəti prezident Gürcüstan parlamentində seçiləcək. Yəqin ki, “Gürcü Arzusu” iqtidarda olsa, öz namizədini seçəcək, bu isə o deməkdir ki, həm prezident, həm baş nazir, həm də parlament eyni bir siyasi qüvvənin əlində olacaq. O baxımdan, ciddi bir kataklizm gözləmirəm. Amma ümumilikdə Gürcüstan cəmiyyətinin özündə ciddi bir qütbləşmə var, xalq siyasi baxışlarına görə iki yerə bölünüb. Orada müəyyən daxili proseslər gedə, qeyri-stabillik ortaya çıxa bilər. Bunu istisna eləmirəm.
– Antiterror tədbirlərindən sonra Azərbaycana göstərilən təzyiqlər də önəmli məsələdir. Oktyabrın 5-də Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Həmin qətnamədə ciddi ittihamlar və çağırışlar yer alırdı. Bəzi parlamentarilər Avropa İttifaqını Azərbaycandan qaz alışını azaltmağa, əlaqələri yenidən gözdən keçirməyə səsləyirdilər. Avropa Parlamentinin belə tez və qərəzli qətnamə qəbul etməsinin arxasında nə dayanır? Bu qətnamənin Avropa İttifaqı ölkələrinin Azərbaycanla münasibətinə hansısa bir formada təsir göstərəcəyini düşünürsünüzmü?
– Avropa Parlamentinin qətnaməsi də simvolik məna daşıyır. Avropa Parlamenti üzvləri Avropa İttifaqı ölkələrinin nümayəndələrindən seçilir, amma orada ölkələr üzrə bölünmə yoxdur, siyasi partiyalar üzrə bölünmə var. Məsələn, müxtəlif ölkələrdən olan deputatlar var, ancaq onlar öz ölkələrini təmsil etmirlər, birləşib bir siyasi partiya altında fəaliyyət göstərirlər. Avropa Parlamentində bir neçə belə güclü fraksiya var. Ümumilikdə, Avropa institutlarının Azərbaycana qarşı münasibəti məni təəccübləndirmir, çünki son 20-30 ildə biz cəmiyyət olaraq buna qarşı immunitet formalaşdırmışıq. Amma nə qədər simvolik olsa da, bu cür sənədlərin Azərbaycan-Avropa Birliyi münasibətlərinə, ölkənin beynəlxalq imicinə müəyyən dərəcədə ziyanı var. Ancaq Avropa ittifaqı ölkələrinin bu qətnamədən çıxış edərək Azərbaycana münasibətdə dəyişikliyə gedəcəklərini düşünmürəm. Avropa Parlamentinin real siyasi proseslərə təsir imkanı zəifdir. Aİ-nin siyasətini yeridən bürokratlar daha praqmatik baxışlara malikdirlər, ona görə də Azərbaycanla münasibətləri hələ də müsbət formada saxlayırlar. Aİ-nin Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq etməsi də gözlənilmir. Çünki, birincisi, hamı gördü ki, Azərbaycan öz əraziləri daxilində fəaliyyət göstərdi və BMT-nin son missiyası ərazidə mülki şəxslərə qarşı hansısa zorakılıq tətbiq olunmadığını açıqladı. İkincisi, Azərbaycanın Avropa İttifaqı daxilində doqquz strateji partnyoru var, onlarla çox yaxşı əlaqələrə malikdir. Çox zamanlar bu ölkələr Azərbaycan əleyhinə qərarlara etiraz edirlər. Ən son insidentlərin birində Macarıstan Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsinə mane oldu. Azərbaycan bu kimi strateji partnyorlara arxlanır.
– Ümumiyyətlə, bu təzyiqlər, sizcə, nə qədər davam edəcək və aradan qaldırmağın yolları nədir?
– Burada iki məsələni vurğulamaq istəyirəm. Birincisi, həm bizim regionda, həm beynəlxalq aləmdə hadisələr çox sürətlə dəyişir. Məsələn, hamı Qarabağdakı antiterror tədbirlərindən, ermənilərin ərazini tərk etməsindən danışırdı, o məsələ sona çatmamış artıq Yaxın Şərqdəki konfliktə diqqət yönəldi. Bir il yarımdır davam edən Rusiya-Ukrayna müharibəsinə isə artıq hamı gündəlik həyatın bir parçası kimi baxır. O baxımdan, sabah Azərbaycan da arxa plana keçə bilər.
Digər tərəfdən isə düşünürəm ki, bəzi siyasi güclər hələ növbəti onilliklərdə də Qarabağın erməniəsilli sakinlərinin ərazini tərk etməsindən Azərbaycana qarşı istifadə edəcəklər, baxmayaraq ki, ermənilər bunu könüllü edirlər, onlara heç bir güc tətbiq olunmur.
Azərbaycan tərəfinin buna qarşı tədbirləri o ola bilər ki, daha çox əcnəbi jurnalist, ekspert, siyasətçi bölgəyə dəvət edilsin. Geri qayıtmaq istəyən ermənilərin qayıtması üçün normal şərait yaratmaq və buna çağırışlar etmək də bu istiqamətdə önəmli addım ola bilər.
– Bir neçə gün əvvəl Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC Newshour” proqramına müsahibəsində demişdi ki, Azərbaycanı tərk edən ermənilər geri qayıda biləcəklər. Sizcə, bu, hansı formatda baş tuta bilər? Hansı sənədlər əsasında erməniəsilli sakinlərin bura sonradan köçürmə deyil, əvvəldən Qarabağda yaşayan ermənilər olduğunu aydınlaşdıra biləcəyik?
– Azərbaycan tərəfi 1989-cu ilə qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində qeydiyyatda olmuş şəxslərin qayıdışını qəbul edəcək. Bununla bağlı hər iki tərəfdə də müvafiq sənədlər var. Ancaq 1990-cı illərdə, yəni sonradan oraya Ermənistandan, Yaxın Şərqdən, Suriya və Livandan köçürülmüş şəxslər leqal yerli sakinlər hesab olunmur. Birinci Qarabağ müharibəsi başlayana qədər orada qeydiyyatda olmuş şəxslərin qayıdışı ilə bağlı isə hansısa vaxt məhdudiyyəti yoxdur. Ancaq mümkün qədər tez qayıtmaları məsləhətdir. Ola bilsin ki, bir qismi də müəyyən müddət sonra sırf Azərbaycanda yaşamaq üçün qayıtsınlar, ancaq fikrimcə, onların sayı çox olmayacaq.
– Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra Azərbaycanın mərkəzi hakimiyyəti ilə erməni icmasının nümayəndələri arasında dialoq başladı. On gün ərzində üç görüş keçirildi. Bu görüşlərin reinteqrasiya məsələsində effektiv nəticə verəcəyini düşünürsünüzmü?
– Reinteqrasiya ilə bağlı iki məsələ var. Birincisi, kütləvi köçdən sonra Qarabağda qalmış ermənilərin reinteqrasiyasıdır. Biz artıq foto və videolardan görürük ki, bəzi şəxslər vətəndaşlıq almaq üçün müraciət edirlər. Həmçinin, Azərbaycan tərəfi müəyyən şəxsləri sığınacaqda toplayıb lazımi ehtiyaclarla təmin edir. Onlar, əsasən, yaşlı şəxslərdir. Reinteqrasiyanın ikinci qismi isə gələcəkdə qayıtmaq istəyən şəxslərlə bağlıdır. Bu ehtimalı nəzərdə saxlamalıyıq. Sabah 1, 1000, hətta 50 min nəfər qayıda bilər. Güman ki, onların hamısı eyni zamanda yox, müxtəlif vaxtlarda qayıdacaqlar. Buna görə də çevik reinteqrasiya planı olmalıdır. Fikrimcə, Azərbaycan buna hazırdır.
www.RIA24.az