“Vaqif Xaçatryan Xocalı rayonunun Badara kəndində qəddarlığı ilə seçilən yeddi nəfərdən biri olub”.
Bunu AZƏRTAC-a müsahibəsində Xocalı rayonunun Əsgəran qəsəbəsinin sakini Şamil Kazımov deyib.
O, müsahibəsinə belə davam edib:
“Meşəli kəndində doğulsam da, sonradan Əsgərana köçmüşük. O elə bir kənddir ki, mövqeləri, giriş-çıxışı kənardan gələn bilmirdi. Kənddə qoçaq, qorxmaz, sayılıb-seçilən, yaxşı atıcılıq qabiliyyəti olan kişiləri tanıyırdılar. Bilirdilər ki, həmin adamları öldürməsələr, onlar kəndin sakinlərini xilas edəcəklər. Kəndə Novruz kişi başçılıq edirdi. Çox qoçaq adam idi. Birinci onun evini yandırdılar. Oğlu polis idi, cəsurluğu ilə seçilirdi, onu da öldürdülər. Xəlil əmim ovçu idi, atıcılığı yaxşı idi, onu aradan götürdülər. Sayılıb-seçilənlərdən olan Hüseyn kişini və onun yoldaşını da öldürdülər”.
Ş.Kazımov deyib ki, bunlar hamısı planlı şəkildə törədilib:
“Qardaşım Ramil Kazımov polis mayoru idi. Hələ Meşəli hadisələrindən iki il əvvəl içində Vaqif də olmaqla yeddi erməni qardaşımı güllə ilə yaralamışdı. Onlardan Armais, oğlu Spartak, Ernes, Kolyanın adı yadımda qalıb. Meşəli hadisələri zamanı qardaşımın və döyüşkənliyi ilə seçilən qonşusu Mikayılın evini pulemyotla nəzarətdə saxlayırdılar. İkisinə də imkan vermədilər ki, kənd camaatına kömək eləsinlər. Beləliklə əsas adamları aradan götürəndən sonra kəndə təşviş düşdü. Ondan sonra kəndə od vurdular. Novruz kişini ailəsi ilə birgə evində yandırdılar. Meşə təsərrüfat idarəsində işləyən Əvəz kişinin evini də kül etdilər. Heç kimə aman vermədilər. Körpələr belə yandı o evlərdə. Məktəbə od vurdular. Biz yanan şəxslərin külünü dəfn elədik”.
Ş.Kazımovun sözlərinə görə, Vaqif Xaçatryan olanları indi boynuna almır, məhkəmə iclasında da elə adamların adını çəkir ki, onlar artıq həyatda deyillər:
“O, məni tanıdı, dediklərimə məhkəmədə irad tuta bilmədi. Vaqifin qardaşı briqadir idi, atam isə mühafizəçi işləyirdi. Vaqifin ailəsi ilə gediş-gəlişimiz olub. Təkcə Vaqifi yox, Badara kəndinin 80-90 faizini tanıyırıq. İşlədiyim çayxana Xocalı ilə Əsgəranın arasında yerləşirdi. Ermənilərin hamısı ora gəlib çay içirdi. Onların nə iş gördüyü, hansı xarakterə malik olduqlarını bilirdim”.
www.RIA24.az