Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər.
Oxu.Az-ın məlumatına görə, bu gün baş tutacaq, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayının 60-a yaxın ictimai-fəal qadın iştirakçısı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı keçiriləcək.
Qurultay “Ulu öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə dörd paneldə baş tutacaq.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.
www.RIA24.az