Ağdam və Cəbrayıldakı sənaye parklarına 20 milyon manatdan çox pul qoyulub

Siyasət


İndiyə qədər Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına ümumilikdə 20 milyon manatdan çox investisiya yatırılıb.

Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

“O cümlədən Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, altı qeyri-rezidenti var. Bu investorlar parka 176 milyon manatdan çox pul qoymağı, 1 600-dən çox daimi iş yeri yaratmağı planlaşdırırlar. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın beş rezidenti, bir qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyirlər. Rezidentlərdən biri – “Avto Lizinq Azərbaycan” MMC artıq fəaliyyətə başlayıb”, – deyə o qeyd edib.

E.Nuriyev, həmçinin bildirib ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında da əlverişli investisiya mühiti yaradılır:

“Parkların rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Həmçinin, bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il beş gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi) iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının beş il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkarın istehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur.

Eləcə də, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20%-i qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir