Azərbaycan və Ermənistan arasındakı sülh sazişi nə vəd edir? – ŞƏRH

Siyasət

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası getdiyi bir vaxtda Bakının İrəvanla sülh sazişinə hazır olmasını bəyan etməsi böyük jestdir.

Prezident İlham Əliyev mayın 20-də “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə həmin sazişdə əks oluna biləcək bəndlərin ümumi mənzərəsini verib.

Ölkə başçısı deyib ki, saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq.

Azərbaycan bununla regionda sülh və sabitlik istədiyini əyani göstərir və növbəti dəfə “topu” İrəvana atır.

İrəvan isə sülh sazişinə hazır olduğunu bəyan etmək üçün güclü siyasi iradə nümayiş etdirməlidir, təəssüf ki, hələ bunu müşahidə etmirik.

Azərbaycan hələlik Ermənistandakı parlament seçkilərinin nəticələrini gözləyir və seçkilərdən sonra Bakı sülh strategiyasını praktiki müstəvidə yürüdəcəyi şəksizdir.

Sülh sazişi Ermənistanın illərdir davam edən ərazi iddialarına son qoymaq baxımından faydalıdır. Əgər sülh sazişi imzalanarsa, hər iki ölkənin ərazi bütövlüyü tanınacaq və bu da İrəvanın mövqeyinin redaktə olunması deməkdir.

Sülh sazişini zəruri edən amil isə budur: Müharibə başa çatdığı üçün postmünaqişə dövrü üçün da açıq suallar qalmasın və çoxillik münaqişəyə birdəfəlik son qoyulsun.

Sülh sazişinin hazırlanmasına beynəlxalq təşkilatların, əsasən də BMT-nin, ATƏT-in cəlb olunması şərtdir.

Əslində beynəlxalq təşkilatlar bütün mübahisələrə nöqtə qoyacaq sülh sazişində iştirakda maraqlıdır. Lakin maraq dairəsinin bölüşdürülməsi uğrunda gizli rəqabət mövcuddur ki, bu da əlavə problemlər yaradır. Hər hansı diplomatik və siyasi konfrontasiya belə Azərbaycanı düşündürür və Bakı hər şeyin ağrısız həyata keçməsini istəyir.

Sülh sazişində beynəlxalq təşkilatların iştirakı isə ona görə vacibdir ki:

1. Regionda təhlükəsizlik və sabitlik beynəlxalq zəmanət altına alınır,

2. Böyük oyunçuların maraqlarındakı güc nisbəti tarazlaşdırılır, 

3. Regionun hərbiləşməsini böyük iqtisadi açılımlar, faydalı perspektivlər əvəzləyir. 

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir