Fransanın “Vicdan azadlığı uğrunda assosiasiyaların koordinasiyası birliyi” hüquq-müdafiə təşkilatı 30 il ərzində Qarabağda mövcud olan qanunsuz rejimin erməniəsilli sakinlərin hüquqlarının kütləvi şəkildə pozulması faktlarının aşkarlanması ilə bağlı kampaniyanın başlanması ilə bağlı bəyanat yayıb.
“Report” xəbər verir ki, müvafiq bəyanat təşkilatın saytında yerləşdirilib.
Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti həm Xocalı faciəsi qurbanları, həm də erməniəsilli sakinlərin iztirabları naminə ədaləti bərpa etməli, qanunsuz rejimin “rəhbərlər”ini cəzalandırmalıdır.
O da qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin bayrağını Xocalı şəhəri üzərində dalğalandırması qətliamın 613 günahsız qurbanı üçün tələb olunan ədalət hissini oyadır. Bu hiss Qarabağda qanunsuz rejimə rəhbərlik etmiş və Xocalı qətliamı kimi bir sıra hərbi cinayətlərdə əli olan keçmiş səhra komandirlərinin Bakıda dəmir barmaqlıqlar arxasında olduğu vaxtda daha da güclənir.
“Həqiqi barışığa nail olmaq üçün ədalətin təntənəsi və işğal illərində erməniəsilli sakinlərin pozulmuş hüquqlarının bərpası lazımdır. Bu baxımdan keçmiş səhra komandirlərinin məhkəməsi zamanı Azərbaycan da Qarabağın erməni əhalisinin hüquqlarının qanunsuz rejim tərəfindən pozulduğunun üzə çıxarılmasını təmin etməlidir”, – bəyanatda vurğulanır.
Bildirilir ki, insan hüquqlarının pozulması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə ötən ildən başlanmış “Qarabağda insan hüquqları üzrə maarifləndirmə kampaniyası” da fəaliyyətini davam etdirir.
Qeyd edək ki, fransız hüquq müdafiəçilərinin sözügedən bəyanatı 2020-ci ildən başlayaraq Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmdə olan Emmanuel Makrona qarşı cavabdır. Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında münaqişənin həllində guya ədalətli və tərəfsiz vasitəçi olmağa iddia edən Fransa Emmanuel Makronun prezidentliyi dövründə açıq-aşkar Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiyini bəyan edib.
www.RIA24.az