Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib – FOTO

Siyasət


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 20-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Ceyhun Bayramov hazırda regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Azərbaycan tərəfindən görülən antiterror tədbirləri nəticəsində 30 illik işğal dövrünün qalıqları və əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrinin və separatçı rejimin mövcudluğuna son qoyulmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, habelə Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən birinin aradan qaldırıldığı bildirilib.

Nazir bölgədə sülh üçün yaranmış hazırkı şəraitdə ölkəmizin hər zaman olduğu kimi sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu, bu xüsusda beynəlxalq ictimaiyyətin də konstruktiv mövqeyinin vacibliyini qeyd edib.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir