Çoxvektorlu xarici siyasət dost ölkələrlə münasibətlərin dərinləşməsinə dəlalət edir

Siyasət

“Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə olunan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir”. 

Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan artıq yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir:

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə Vətən Müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.

Ölkəmiz özünün xarici siyasətində bu gün də Balkan ölkələri ilə, xüsusilə Bosniya və Hersoqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və bunun nəticəsidir ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlmişdir.

Azərbaycan və Bosniya və Herseqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən əsası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır.

Bu gün Balkanlarda mövcud olan Bosniya və Herseqovina ərazisində 2 milyondan çox müsəlman əhalinin sıx şəkildə yaşadığı yeganə Avropa ölkəsi olan Bosniya və Herseqovina Federasiyasında Azərbaycan səfirliyinin yaradılması, ölkəmiz tərəfindən müsəlman aləminə, eyni zamanda Şərqi Avropada inkişafda olan ölkələrin xalqlarına, habelə Bosniya və Herseqovina – Azərbaycan xalqları arasında möhkəm dost münasibətlərinə verilən dəyərin təcəssümü və böyük bir töhfədir”. 

M.Əfəndiyev bildirib ki, Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün iki ölkə arasında hərtərəfli əlaqələr artan dinamika ilə uğurla inkişaf etməkdədir. 

“İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Eyni zamanda ağır pandemiya günlərində də Cənab Prezidentin təşəbbüsü ilə Azərbaycan dost Bosniya və Herseqovinaya humanitar yardım göstərib. 

Qarşılıqlı olaraq Bosniya və Herseqovina siyasətçilərinin də Azərbaycanla bağlı ədalətli fikirləri hər zaman beynəlxalq arenada, Avropa institutlarında diqqətlə izlənilib.

Vətən Müharibəsi zamanı Bosniya və Herseqovina ölkəmizi xüsusi dəstəkləyib. Belə ki, Bosniyanın Demokratik Hərəkət Partiyası, Parlament Assambleyasının Xalqlar Palatası Kollegiyası ölkəmizə dəstək ifadə edən bəyanatla çıxış etmişlər. Rəyasət Heyətinin sədri cənab Şefik Djaferoviç tərəfindən isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dəstək məktubu ünvanlanmış, Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri xanım Bisera Turkoviç Xarici İşlər naziri cənab Ceyhun Bayramov ilə telefon danışığında Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir.

Azərbaycan səfirliyinin Bosniya və Herseqovinada açılması bir daha iki ölkə arasında əməkdaşlığın inteqrasiyasına, irimiqyaslı və səmərəli layihələrin həyata keçirilməsinə, xalqlarımız arasında sağlam dialoqun inkişafına təkan verəcəkdir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir