“Sərhəddə döyüşlərin davam etməsi onu göstərir ki, tərəflər hərbi hədəflərinə çatmağa çalışırlar. Ermənistan hakimiyyəti əvvəlki kimi itkilərini açıqlamasa da, bugünkü döyüşlərdə xeyli itki verdiyi internet görüntülərdən də aydın olur”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi iki gündür, pilotsuz uçuş aparatlarının Ermənistanın mövqelərini bombalayan kadrlar yayınlayır.
Politoloqun sözlərinə görə, Ermənistanın bahalı pilotsuz uçuş aparatları olmadığına görə oxşar kadrlar yayınlaya bilmir:
“Bu amilin özü gələcəkdə Ermənistanın baş naziri Nikol Paşinyana problemlər yaradacaq. 2016-cı ilin aprelində də eyni hadisələr olmuşdu. Azərbaycan Müdafiə Nazirliyi 4 günlük döyüşlər zamanı pilotsuz uçuş aparatlarının bombaladığı hədəfləri internetdən yayınlamışdı. Ermənistanın o zaman da internetdə yayınlanası kadrı yox idi. Çünki Ermənistanın o silahları o zaman da yox idi. 4 günlük savaşdan sonra Ermənistan ordusunda korrupsiya ittihamlarıyla generallar həbs olundu, ordunun zəif təhcizatı üzə çıxdı, verilən itkilər erməni cəmiyyətinin narazılığına səbəb oldu və nəticədə keçmiş prezident Serj Sarqsyanın mövqeləri getdikcə zəfiləyərək hakimiyyətini itirdi”.
E.Şahinoğlu bildirib ki, Nikol Paşinyanı da eyni tale gözləyir:
“O Serj Sarqsyan kimi Ermənistan ordusunun zəif təhcizatına və verdiyi itkilərə görə bir müddət sonra erməni cəmiyyətinin ciddi suallarıyla üzləşəcək. Digər tərəfdən Ermənistan müxalifəti ordunun verdiyi itkilərə görə Paşinyana və müdafiə naziri David Tonoyana qarşı təzyiqi artıracaqlar. Əslində, hadisələrin bu istiqmətdə gedişatı Rusiyada Paşinyandan xoşu gəlməyən mərkəzlərin də maraqlarına cavab verir. Ancaq bu o demək deyil ki, Rusiyadakı mərkəzlər Azərbaycan Ordusunun həmlələrinə uzun müddət seyrçi gözü ilə baxacaqlar. Rusiyada erməpərəst mərkəzlər Kremlin Ermənistan ordusuna dəstəyi artırmağı tələb edəcəklər.
Azərbaycan Ordusu hərbi əməliyyatları davam etdirmək əzmindədir. Azərbaycan cəmiyyəti işğal olunmuş torpaqların azad olunmasını tələb edir. Bunun üçün zamanın yetişdiyini düşünənlər az deyil. Mümkündür ki, yaxın günlərdə hərbi əməliyyatların coğrafiyası artaraq Naxçıvan və Dağlıq Qarabağ istiqamətinə yönəlsin. Azərbaycan son döyüşlərdə bir neçə hərbçisini və generalını itirib. Bu Azərbaycan Ordusuna döyüşləri davam etdirməsi üçün ciddi səbəbdir. Döyüşlərin o həddə qədər davam etdirilməsi zərurəti müzakirə olunur ki, nəticədə Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planına razılaşsın və Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazır olsun.
Azərbaycan Ermənistana dəstək verməyə hazırlaşan xarici güclərin təzyiqlərini və təxribatlarını neytrallaşdırmaq üçün dost və tərəfdaş ölkələrlə əlaqələri gücləndirməlidir. Azərbaycan ilk növbədə Türkiyə ilə hərbi ittifaqı gücləndirməlidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sərhəddəki insidentlə bağlı belə bir cümlə işlətdi: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq”.
Mövlud Çavuşoğlu bu cümlə ilə demək istədi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qərar versə, Türkiyə Azərbaycana hərbi dəstəyini əsirgəməyəcək. Xarici təzyiqlərə rəğmən, Suriyaya, İraqa və Liviyaya ordusunu göndərməkdən çəkinməyən Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Azərbaycan üçün də eyni qərarı verməkdən çəkinməyəcək”.