Türkiyə Təhsil naziri Ziya Səlcuq Bakıya səfəri çərçivəsində Heydər Əliyevin məzarını ziyarət edib və onun məzarına çələng qoyub.
Bu barədə “TRT Avaz” məlumat yayıb.
Onu Azərbaycanın Təhsil naziri Emin Əmrullayev və Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı müşayiət ediblər.
Sonra türkiyəli nazir Şəhidlər Xiyabanına gedərək Əbədi Məşəlin və Bakı Türk Şəhidliyindəki abidənin önünə çələng qoyub.
O, Azərbaycan və Türkiyənin “iki dövlət, bir millət” ifadəsinə sadiq qaldıqlarını göstərən ən vacib simvollardan biri olan Bakı Türk Şəhidliyini təhsil naziri olaraq ikinci dəfə ziyarət etməkdən məmnun olduğunu bildirib:
“Anadoludan Kərkükə qədər İslam dünyasının hər yerindən gələrək Qafqaz İslam Ordusu bayrağı altında Bakının müdafiəsi uğrunda şəhid olan Mehmetçiyin əbədi istirahət yeri olan bu abidə iki qardaş ölkənin hər zaman tərəddüd etmədən bir-birinin yanında olacağının qeyd-şərtsiz əlamətidir”.
Ziya Səlcuq həssas davranaraq bu abidəni inşa edənlərə Türkiyə adından təşəkkür ünvanlayıb.