Qarabağda Vətən Müharibəsi bitdikdən sonra əldə olunan təcrübəni nəzərə alsaq, Azərbaycan-Ermənistan sərhədində erməni tərəfin növbəti təxribata cəhdi gözlənilirdi.
Xatırladaq ki, 27 may saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin iki kəşfiyyat və diversiya qrupu Kəlbəcər rayonuna soxularaq əraziləri minalamağa çalışdı. Azərbaycan ordusu dərhal əməliyyat tədbirləri gördü və nəticədə altı təxribatçı zərərsizləşdirildi.
Erməni tərəfi dərhal Azərbaycanı guya mühəndis işləri ilə məşğul olan hərbçilərini qaçırmaqda günahlandırdı. Özü də həmin inşaat işləri gecə saat üçdə və Azərbaycan ərazisində aparılır…
Caliber.Az-ın şərh almaq üçün müraciət etdiyi müdafiə və təhlükəsizlik sahəsində tanınmış ukraynalı mütəxəssis Oleq Starikov keçən il qeyd etmişdi ki, “işğaldan azad edilmiş Azərbaycan ərazilərində təxribat cəhdləri bir neçə ay davam edə bilər, amma bunların qarşısı alınacaq”.
Son hadisəni şərh edən Oleq Starikov bildirib ki, dövlət sərhədi delimitasiya və demarkasiya olunana qədər bu cür hadisələr qaçılmazdır:
“Həm Azərbaycan, həm də Ermənistan hökumətləri sərhədləri müəyyənləşdirmək və komissiya yaratmaq üçün birgə iş görməkdə maraqlı olmalıdırlar. Hər şeyin hüquqi çərçivədə həll edilməsi lazımdır. Bu sürətli bir proses deyil, amma vacibdir”.
– Axı erməni tərəfi delimitasiya üzrə birgə işləməkdən, hətta Rusiyanın iştirakı ilə üçtərəfli komissiya yaratmaqdan belə imtina edir.
– Siyasi və hüquqi, dövlətlərarası bir komponent var. Azərbaycan məsələnin hüquqi yolla həllinə yönəlib. Bəs erməni tərəfi nə düşünür? Bunu yalnız İrəvanda bilirlər. Və üçüncü tərəf var – sülhməramlı və vəziyyəti həll etmək missiyasını öz üzərinə götürən Rusiya Federasiyası. Bakı digər (erməni – red.) tərəfi sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı qrupun işinə razı salmağa inandırmaq üçün Moskvaya müraciət edə bilər. Buradakı hərbi yol tamamilə perspektivsizdir.
Ukraynadakı vəziyyətdən fərqli olaraq, danışıqlar prosesi daha asan gedə bilər. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə rahat ünsiyyət qurur, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan da.
– Bir hərbi ekspert olaraq, gecə saat 03.00-da erməni hərbçilərinin iki kiçik qrupun guya mühəndis işlərinin aparılması barədə iddialara nə deyə bilərsiniz? Bu ümumiyyətlə mümkündürmü?
– İstər hərbi, istərsə də mülki qurumlarda bütün işlər həmişə iş vaxtı həyata keçirilir. Bunlar isə guya gecə işləyirlər. Biz ki, başa düşürük burda məsələ başqadır.
Gecə saat üçdə işçilərin iştirakı ilə heç bir iş (mühəndis-red.) aparıla bilməz. Əgər müharibə və ya döyüş vəziyyəti deyilsə, həmin saatda xüsusi personal yatmalıdır. Nizamnamə bütün silahlı qüvvələr üçün eynidir (gülür).
– Ermənistan bir daha KTMT və Rusiyaya müraciət etdi. Bu, hərbi ittifaqı münaqişəyə qatmaq üçün növbəti cəhd təəssüratı yaradır. Bundan əvvəl KTMT artıq İrəvana cavab verərək Azərbaycanla sərhəd problemlərini siyasi və diplomatik yollarla həll etməyə çağırıb. İndi Rusiya Xarici İşlər Nazirliyi artıq oxşar açıqlama verib, Moskva da danışıqlar prosesində iştiraka hazır olduğunu bildirib.
– Rusiya Federasiyasının lider olduğu KTMT-nin kəşfiyyat xidmətləri var. Orada Azərbaycanla Ermənistan arasındakı sərhəddə nələrin baş verdiyini yaxşı bilirlər. Rusiya Federasiyasının ən yüksək hərbi-siyasi rəhbərliyi etibarlı məlumatlara malikdir. Ona görə də, bu məsələni siyasi və diplomatik yollarla deyil, hərbi yolla həll etmək cəhdləri uğursuzluğa məhkumdur.
Bir daha vurğulayıram: Kremlin ehtiyac duyduğu bütün məlumatlara sahib olduğuna əminəm. Və Moskva “yumşaq güc” ilə erməni tərəfini bütün məsələləri danışıqlar yolu ilə həll etməyə inandıra bilər. Hər şey buna doğru istiqamətlənib.