Kiyev Filarmoniyasında Azərbaycanın Respublika Gününə həsr olunmuş konsert keçirilib – FOTO

Siyasət

Mayın 27-də Kiyev Filarmoniyasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilati dəstəyi ilə Azərbaycanın ən vacib dövlət bayramı – 28 May Respublika Gününə həsr olunmuş konsert təşkil edilib.

Bu barədə diaspor təşkilatının sədri Hikmət Cavadov “Facebook” səhifəsində məlumat verib.

“Tamaşaçılar “Kiyev Kameratası” milli solistlər ansamblının ifasını, həmçinin Azərbaycan və Ukrayna bəstəkarlarının musiqi əsərlərini dinlədilər. Dirijor Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlov idi. Tədbirin qonaqları arasında Kiyev meri Vitali Kliçko, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Krım Tatarları Məclisinin rəhbəri Refat Çubarov, Ali Radanın deputatları, Azərbaycan diasporunun fəalları, yerli ictimai və siyasi xadimlər, habelə mədəniyyət və media nümayəndələri də var idi.

Bu gün üçrəngli bayrağımız Şuşada və Azərbaycanın erməni işğalından azad edilmiş digər yeddi rayonunda dalğalanır. Qarabağda Azərbaycanın dövlət himni səsləndirilir. Müasir Azərbaycan Cənubi Qafqazda siyasi və iqtisadi cəhətdən ən güclü, inkişaf etmiş, qüdrətli dövlətdir. Azərbaycan ordusu dünyanın ən yüksək döyüş qabiliyyətli ordularından biridir. Bütün bunlar qəlbimizi sevinc və qürur hissi ilə doldurur. Bütün bunlar bir vaxtlar qaldırılan bayrağın heç vaxt düşməyəcəyinə zəmanətdir”, deyə H.Cavadov qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir