Paşinyanın utopik “sülh kəsişməsi” – ŞƏRH

Siyasət


Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu Beynəlxalq Forumunda Nikol Paşinyan sülh üçün tezislərini səsləndirib.

Paşinyan “Sülhün kəsişməsi” adı altında təqdim etdiyi layihədə regional kommunikasiyaların açılmasını, fəal iqtisadi, siyasi və mədəni məsələləri vahid paketdə göstərib.

Paşinyandan iqtibas: “Cənubi Qafqaza sülh lazımdır, ölkələr açıq sərhədlərlə yaşayırlar. Ölkələr fəal iqtisadi, siyasi, mədəni və insan əlaqələrilə bağlıdır, bütün məsələlərin diplomatik və dialoq yolu ilə həlli üzrə təcrübəsi və ənənələri toplayıblar. Bütün bunlar yollar olmadan mümkün deyil. Bu layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafıdır”.

Paşinyanın sülh qovşağı müəyyən zahiri görkəmə malik olsa da, batin cəhətdən xeyli şübhəli görünür.

Birinci səbəb

Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir real addım atmayıb, uzağa getmək lazım deyil, Zəngəzur dəhlizi layihəsinin kontekstində bunun aydın nişanələrini görmək mümkündür. Paşinyanın öhdəliklərdən boyun qaçırması yeni fakt deyil, Zəngəzur dəhlizi ilə bağlı isə manipulyasiya edir. Fikir versək, görərik ki, Paşinyan Zəngəzur dəhlizi layihəsinin adını çəkmir, ümumi fonda regional kommunikasiyaların açıq olmasının vacibliyindən bəhs edir. Bunun özü qeyri-müəyyən mövqedir.

İkinci səbəb

Paşinyan Ermənistanın regional layihələrdəki iştirakını stimullaşdıracaq layihəsində Rusiyanı kənara qoyur. Halbuki, regionda Rusiyanın iştirakı olmadan belə layihələrin baş tutması çətindir. Üstəgəl, Paşinyan bunu Ermənistanla Rusiya arasındakı gərgin münasibətlərin fonunda deyirsə, bu, başqa oyunçuları Moskvaya qarşı qoymaq cəhdidir.

Üçüncü səbəb

Paşinyanın regional dəmir yolları və avtomobil kommunikasiyaları ilə əlaqədar layihəsi Fars Körfəzi-Qara dəniz marşrutunun birləşdirilməsi üçün naqil tapmağa yönəlib. Bu isə Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin strateji əsasları ilə uyğunluq təşkil etmir. Elə İran, Hindistanın da məqsədləri Zəngəzur dəhlizi layihəsini kənarda qoymaq üçün Fars Körfəzi-Qara dəniz xəttini reallaşdırmaqdır.

Dördüncü səbəb

Paşinyanın layihəsinin maliyyə qaynaqlarını tapmaq çətindir. Hazır Zəngəzur dəhlizi layihəsi var ikən, Paşinyanın mürəkkəb relyefli coğrafiyada yüz kilometrlərlə yolların, dəmiryolunun və sair çəkilməsini istəməsi Ermənistanın qeyri-müəyyən proqramı kimi başa düşülməlidir.

Ermənistan bu zamana qədər ən qısa yolun çəkilişini də həll edə bilməyib – uzun illərdir İrandan magistral yol, dəmiryol xətti çəkmək istəyən Ermənistan buna vəsait tapmadı.

Bu mənada Paşinyanın ideyasının reallaşacağı inandırıcı deyil, hətta baş nazirin təqdim etdiyi plan utopik bir xarakterdədir.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir