Səhiyyə Nazirliyində cərrahi əməliyyatlar icra edən özbəkistanlı həkimlərlə görüş keçirildi

Siyasət


Azərbaycan Səhiyyə Nazirliyində “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində özbəkistanlı həmkarları ilə birgə tibbi əməliyyatlar keçirmək üçün Özbəkistana ezam olunan həkim mütəxəssislərlə görüş keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ilk növbədə Azərbaycan və Özbəkistanın səhiyyə sahəsinin inkişafına xidmət edəcək bu tədbirin keçirilməsində göstərilən yüksəsk dəstəyə görə, Heydər Əliyev Fonduna və ölkənin birinci vitse-prezidentinə minnətdarlıq ifadə edilib.

Uğurlu cərrahiyyə əməliyyatları və tibbi müayinələr apardıqlarına görə həkimlərə təşəkkürünü bildirən Teymur Musayev bildirib:

“Hər iki ölkənin prezidentlərinin rəhbərliyi altında Azərbaycan-Özbəkistan arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental əsaslar yaradılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb.

Tərəfdaşlıq əlaqələrinin digər sahələrlə yanaşı səhiyyə sektorunda da getdikcə gücləndirilməsini qeyd edən nazir bildib:

“Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası”nın keçirilməsi bu əlaqələrin bariz nümunəsidir. Yüksək səviyyədə təşkil olunan dekada və forum ölkələr arasında səhiyyə sahəsində münasibətləri yeni müstəviyə keçirməklə, bu istiqamətdə uğurlu inkişaf perspektivləri və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradıb”.

“Dekada çərçivəsində birgə aparılan uğurlu cərrahi əməliyyatlar, müalicə və müayinə tədbirlərinin hər iki ölkənin həkim mütəxəssislərinin praktiki tibbi təcrübə mübadiləsinin həyata keçirilməsi, peşəkarlıq, bilik və bacarıqlarının artırılması ilə yanaşı əhalinin yüksək səviyyədə sağlamlığının qorunmasında mühüm addımdır”, – deyə nazir vurğulayıb.

Həyata keçirilən tədbirlər barədə məlumat verən həkimlər bildiriblər ki, “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində Azərbaycandan olan 14 həkim tərəfindən özbəkistanlı həmkarları ilə birgə yerli əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla 100-dən artıq müxtəlif cərrahiyyə əməliyyatları icra edilib, müayinə və müalicələri həyata keçirilib.

Paytaxt Daşkəndlə yanaşı Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya, oftalmologiya və ağır rekonstruktiv əməliyyatların icra edildiyi bildirilib.

Sonda səhiyyə dekadası çərçivəsində tibbi əməliyyatların keçirilməsi üçün Özbəkistana ezam olunan həkim mütəxəssislər Səhiyyə Nazirliyinin diplomları ilə təltif ediliblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir