Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ən praqmatik ideyalar Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.
Prezident İlham Əliyev 2022-ci ildə Gürcüstana səfərləri zamanı Azərbaycanla Ermənistan arasında sülh yaranacağı təqdirdə Cənubi Qafqazda sülhün bərqərar olacağı və əməkdaşlıq üçün imkanlar yaranacağını bildirib.
O, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi aparıldığını və Azərbaycanın buna hazır olduğunu bəyan edib. Bununla da dövlət başçısı sülh olacağı təqdirdə faktiki olaraq “Qafqaz evi” ideyasının reallaşmasının mümkünlüyünə işarə edib.
Bu, olduqca mühüm reseptlərdir. Hansı dövlət səmimi olaraq regionda sülh istəyirsə, İlham Əliyevin ideya və təşəbbüslərinə ikiəlli dəstək verməlidir. Azərbaycan liderinin üstün siyasi keyfiyyətləri çox böyükdür. Regionda sülhün bərqərar olmasında cənab Prezidentin şəxsi keyfiyyətlərinin də rolu mühüm rola malikdir.
Ermənistana gəlincə, o, Azərbaycanın təqdim etdiyi fürsətlərə yaxşı baxmalıdır. 2023-cü ilin oktyabrın 8-də Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı bir daha “Qafqaz evi” ideyasını gündəmə gətirdi. İrəvana ədalətli sülh üçün təqdim olunan optimal variantlardan biri də budur.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağı təqdirdə regionda tamamilə yeni vəziyyət yaranacağını, Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğuladı. Bununla yanaşı, normallaşma prosesində Gürcüstanın vasitəçiliyi məsələsini qeyd etdi.
Deməli, Azərbaycan regional problemlərin bölgə dövlətləri çərçivəsində həllinə tərəfdardır. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılmasını və bu formatın ümumilikdə bölgənin inkişafına xidmət edəcəyini bəyan edir.
İdeyanın daha da inkişaf etdirilməsi üçün Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, 2023-cü il oktyabrın 25-də Baş nazir Əli Əsədovun Gürcüstana səfəri diqqət çəkir. Əli Əsədovun Beynəlxalq İpək Yolu Forumundakı iştirakı Prezidentin bəyan etdiyi üçtərəfli format konsepsiyası çərçivəsində baş tutmuşdu.
Qəbul etsələr də, etməsələr də, fakt budur ki, Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Onun siyasi, iqtisadi və hərbi qüdrəti reallıqlar yaradır. Azərbaycanla Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir, Tbilisi də Bakının qüdrətindən yaxşı mənada yararlanmağa çalışır.
Ümumiyyətlə, cənab Prezidentin bəyan etdiyi çərçivədə əməkdaşlıq Cənubi Qafqazda yeni mühit yarada, yeni iqtisadi layihələrə yol aça bilər.
Bu, region ölkələrinin inteqrasiya olunmuş modelinin yaranmasını şərtləndirir. Ermənistan istəyərsə, bu modelin tərkib hissəsi ola bilər. Yox, qiymətləndirməni düzgün aparmasa, yenə izolyasiyada qalacaq.
Aqil Vəlili
www.RIA24.az