Qarşıdan 8 Noyabr – Zəfər Günü gəlir. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.
Bir az tarixi xatırlayaq. Azərbaycanın 2020-ci ilin 44 günlük müharibəsində Ermənistan üzərində qələbə çalması 30 illik işğala son qoydu.
2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. Beləliklə, 30 illik işğala son qoyuldu.
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi regionda ədaləti bərqərar etdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Ordumuz bizi qələbədən-qələbəyə aparan böyük bir nəticə əldə etdilər.
Halbuki, müharibə dövründə Prezident İlham Əliyevə qarşı təzyiqlər var idi. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək olmuşdu.
Ancaq İlham Əliyev çox prinsipial və qətiyyətlidir, heç bir təzyiq onun haqq yolundakı mübarizəsini dayandıra bilməzdi.
Postmünaqişə dövründə də Azərbaycana qarşı təzyiqlərə baxmayaraq, cənab Prezident öz sözünü dedi və dediyi sözlərə əməl etdi. Bir daha sübut olundu ki, İlham Əliyev qətiyyətin, Qələbənin, Zəfərin simvoludur.
Çünki o, heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərib.
Prezidentin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmayıb. 10 noyabrdan sonrakı üç il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olub. Bu proses 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatıb.
Təbii ki, söhbət Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələrindən gedir.
Deməli, təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirdi. Dövlət başçısı nəticə olaraq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltdı.
Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı üç il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı.
Qarabağdakı antiterror tədbirlərinin nəticələri tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 Noyabr – Zəfər Gününə bərabər növbəti parlaq Qələbədir.
2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisədir.
İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan ümummilli lider Heydər Əliyevin ruhu şaddır.
Aqil Vəlili
www.RIA24.az