Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Resmi Gazete”də xəbər verilib.
Sənəd bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen tərəfindən imzalanıb.
Sənədə əsasən, Türkiyə və Azərbaycan hökumətləri aşağıdakı məsələlər üzrə razılığa gəliblər.
Belə ki, Türkiyə 2023-cü ildə dabaq xəstəliyi ilə mübarizə səylərini dəstəkləmək üçün Azərbaycanın ehtiyacı olan 250 min doza SAT-2 antigen tərkibli birvalentli dabaq peyvəndini ödənişsiz tədarük edəcək.
Bu yardım Türkiyə tərəfindən heyvan sağlamlığı ilə bağlı xidmətlərin həyata keçirilməsi və dabaq xəstəlikləri ilə mübarizə fəaliyyətlərinə dəstəyin göstərilməsi məqsədilə Azərbaycan tərəfinə dostluq və xoşniyyətlilik jesti kimi təqdim olunur.
Yardım məqsədilə veriləcək peyvəndlər tərəflər arasında müəyyən olunacaq prosedur və qaydalar çərçivəsində çatdırılacaq.
Müqavilə, tərəflərin bu müqavilənin qüvvəyə minməsi üçün zəruri olan daxili hüquqi prosedurların tamamlandığı barədə bir-birinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Müqaviləyə dabaq xəstəliyinə qarşı peyvənd yardımı başa çatdıqdan sonra xitam veriləcək.
www.RIA24.az