Qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın gücləndirilməsində Azərbaycanın rolu

Siyasət

Bu gün Birləşmiş Millətlər Təşkilatı qlobal problemləri müzakirə etmək iqtidarında olan yeganə beynəlxalq təşkilatdır. COVİD-19 pandemiyası onu göstərdi ki, dünya ölkələrinin virusla mübarizəni təkbaşına milli səviyyədə təşkil etmələrinə baxmayaraq, beynəlxalq əməkdaşlıq, məsləhətləşmələr və qarşılıqlı dəstək vasitəsilə problemin daha az zərərlə həllinə nail olmaq mümkündür. 

2020-ci ilin mart ayından Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər və düzgün maliyyə təminatı, eyni zamanda qabaqcıl ölkələr tərəfindən tətbiq olunan müsbət təcrübənin öyrənilməsi nəticəsində  Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi kimi pandemiya ilə mübarizənin idarə olunması üzrə nümunəvi model nümayiş etdirdi. 

Bu gün dünyanın qlobal səhiyyə siyasətində əsas məsələ insanların bütün səhiyyə infrastrukturundan bərabər istifadə edə bilməsini və onların sağlamlığının qorunmasında tibb elminin təsdiq etdiyi dərmanlara, vaksinlərə və digər preperatlara əlçatanlığı təmin etməkdir.

COVİD-19 pandemiyası ilə mübarizədə hələ ki, tövsiyə olunan yeganə üsul vaksinasiyadır. Lakin, təəssüflər olsun ki, dünya əhalisinin böyük əksəriyyəti, xüsusilə azgəlirli ölkələr vaksinlərin əldə olunmasında, onların ölkəyə idxal edilərək insanlara çatdırılmasında böyük çətinliklərlə üzləşirlər. 

Beynəlxalq hesabatlara əsasən bu günə qədər dünyada istehsal olunan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb.

Hətta elə ölkələr də mövcuddur ki, onların vaksin təminatı bilərəkdən bir çox böyük dövlətlər tərəfindən siyasiləşdirilərək müəyyən şərtlər qarşılığında verilir. Bu da beynəlxalq konvensiyanın qaydalarına ziddir. 

Bununla bağlı ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Baş katibi Antonio Qutereş vaksinlərin ədalətli bölgüsü ilə bağlı kəskin mesajlar ötürərək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə humanistliyini nümayiş etdirərək bu məsələyə dair ən mötəbər kürsülərdən bir sıra təşəbbüslərlə çıxış edərək fikirlər səsləndirib.

Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri olaraq Cənab Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupu yaradılaraq videokonfrans formatında Zirvə görüşü keçirildi. Həmçinin, regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında zəruri təşəbbüslə çıxış etdi və bunun nəticəsində 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyası keçirildi.

Onu da qeyd edim ki, belə zamanlarda milli diplomatiyamız da humanist məramları ilə seçilir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmiz tərəfindən Özbəkistan, Çin Xalq Respublikası, Ukrayna, İtaliya, Macarıstan, Bosniya və Herseqovina olmaqla 30-dan artıq dövlətə humanitar yardım göstərilib. Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü formada 5 milyon dollar həcmində ianə ayırıb. 

Azərbaycan və onun lideri hər zaman ədalətin bərqərar olmasına çalışaraq beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində bərabərlik prinsipinə əsaslanan birgə qərarların qəbul olunması üçün bu gün də böyük əzmkarlıq və fəallıq nümayiş etdirməkdədir. 

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir