Afrikadan qovulan Fransa – Makron gözünü türkdilli dövlətlərə dikib – ŞƏRH + FOTO

Siyasət


Keçmiş müstəmləkələrdən biabırcasına qovulan Fransa tarixinin ən problemli günlərini yaşayır. Siyasi və diplomatik sahədə yaşanan uğursuzluqlar özü ilə iqtisadi problemlər gətirməkdədir. Səbəb də sadədir- prezident Emmanuel Makronun başı bir ovuc erməniyə qarışıb, ölkəsinin üzləşdiyi problemlərə ayırmağa vaxtı qalmır. Nəticədə də problemlər pik həddə çatıb. İllərdir soyub taladığı, milyonlarla insanı sorğusuz-sualsız qətlə yetirdiyi keçmiş müstəmləkələr Fransanı xatırladan nə varsa ondan uzaqlaşmağa çalışırlar. Buna da nail olurlar.

Afrika dövlətləri artıq fransız idarəçiliyinə, müstəmləkə siyasətinə son verməkdə israrlı görünür. Məsələn, Nigerdə dövlət çevrilişindən sonra yeni hakimiyyət Fransaya yeraltı sərvətlərin – uran və qızılın ixracını dayandırıb. Fransada elektrik istehsalında istifadə olunan uranın təxminən 17 faizini Niger təmin edirdi. Mövcud durum Makron hökumətini qəflət yuxusundan oyatsa da, artıq gecdir. Niger artıq mövqeyini qətiləşdirib. Bu da rəsmi Parisi yeni “asılı” ölkə axtarışına çıxmağa məcbur edib. Fransa bu arzusuna Ermənistanda çatmaq üzrədir. Lakin bu, azdır. İrəvanın nə uran yatağı, nə də digər zəruri faydalı qazıntıları var. Ona görə də Makron hökuməti üzünü Mərkəzi Asiya regionuna tutub. Bəllidir ki, Qazaxıstan və Özbəkistan uran ehtiyatlarına görə lider dövlətlər sırasındadır. Bu səbəbdən də Makron adıçəkilən iki ölkəyə səfər edib, sonda isə səfərinin məhsuldar keçdiyini dilə gətirib. Lakin bu “məhsuldarlığın” nədən ibarət olduğunu deməyib.

Əslində, özünü “türk düşməni” kimi xarakterizə etməyə müvəffəq olan Makronun gözünü türk dövlətlərinə dikməsini onun faciəsi də adlandırmaq olar. Yəni Azərbaycana qarşı səlib yürüşü elan edən Makronun ümidi türk dövlətlərinə qalıb. Çox güman ki, Fransanın türk dünyasına, xüsusən də Türkiyə və Azərbaycana qarşı türkofob, Azərbaycanofob siyasəti də səfər etdiyi ölkələrdə müzakirə mövzusu olub. Düzdür, Fransa prezidenti regiona səfərinin yekunundan məmnun qalsa da, əksər müşahidəçilər bu turnedən heç də yaxşı nəsə gözləmir. Çünki bölgədə Çin, Rusiya kimi fövqəldövlətlərin maraqları var. Bu səbəbdən də Makronun bölgəyə nüfuz etmək arzusu xam xəyaldır.

Birincisi, Mərkəzi Asiyanın iki güclü dövləti – Qazaxıstanla Özbəkistanın Rusiya ilə sıx münasibəti mövcuddur. Fransa isə Rusiya ilə rəqabətdə olan NATO kimi bir təşkilatın üzvüdür.

İkincisi, Parisin bu regionla siyasi, tarixi, mədəni bağları heç vaxt olmayıb. Bu səfər də Mərkəzi Asiya dövlətləri tərəfindən “səfər xatirinə səfər” kimi qarşılanır.

Üçüncüsü, Türkiyə və Azərbaycana qarşı mübarizəni prioritet elan edən Makron üçün Mərkəzi Asiya Ermənistan demək deyil. Ermənistandan fərqli olaraq türkdilli dövlətlər balanslaşdırılmış siyasət yürüdür, bütün ölkələrlə normal münasibətlər saxlamağın tərəfdarı kimi çıxış edirlər.

Bütövlükdə, Qərb və Rusiya dairələrində belə fikir var ki, Fransa Mərkəzi Asiyada əsas hədəfinə – uran tədarükünə nail olmayacaq. Qeyd edək ki, uranın hava nəqliyyatı ilə daşınması qadağandır. Quru yolların sahibi olan ölkələrlə də Makron hakimiyyəti problemlər yaşayır. Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut Rusiya ərazisindən keçir. Rusiya öz infrastrukturunu Fransanın üzünə bağlayıb. Digər alternativ marşrut isə Azərbaycandan keçən Orta Dəhlizdir. O zaman Fransanın Azərbaycandan asılılığı yaranacaq.

Yeri gəlmişkən, siyasətçilər və media Fransa prezidentinin turnesini geniş şərh etməkdədirlər və səfəri “Fransa iqtisadiyyatının Mərkəzi Asiya hesabına xilası” kimi xarakterizə ediblər.

Məsələn, Fransa Katolik Universitetinin professoru Aleksandr Artamonov hesab edir ki, Makron ölkəsinin Afrikada mövqelərini itirməsi səbəbindən Rusiyadan bərk inciyib. “Paris suveren dövlət kimi statusunu itirib. Makron Fransanın maraqlarına xidmət etmir və özünün bütün müəssisələrini ABŞ-yə keçirmək istəyir. Fransada onu ABŞ agenti adlandırırlar”, – deyə Artamanov bildirib.

Qərb mediası da səfərdən əvvəl Fransa prezidentinin Qazaxıstan və Özbəkistana səfərinin Niger uranına əvəz tapmağa xidmət etdiyini yazıb. Rusiya Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsinin üzvü Sayqidpaşa Umaxanov da hesab edib ki, Qazaxıstan və Özbəkistan uranın ən iri istehsalçıları sırasındadırlar. İndiyə qədər də nüvə yanacağı Rusiya və Afrika ölkələrindən alınırdı. Onun qənaətincə, Makronun hədəfi həm də hər iki Mərkəzi Asiya ölkəsini Parisdə keçiriləcək anti-Rusiya sülh forumunda iştiraka cəlb etmək olub. Bütövlükdə, rusiyalı politoloqlar hesab edir ki, Makronun əli ilə amerikalılar Rusiyaya qarşı cəbhəni genişləndirməyə çalışır.

Beləliklə, ölkəsində müsəlmanlara qarşı səlib yürüşünə çıxan Makron və komandası çətin durumdadır. Yoxsa, min kilometrlərlə uzaqda yerləşən regiona səfər etməzdi – özü də müsəlman və türk dövlətlərinə. Görünən odur ki, onlar vasitəsilə problemlərini həll etməyə çalışır. Belə baxanda problemdən çıxış yolu var. Bu yol da sadədir – birtərəfli siyasət yürütməkdən əl çəkmək, şəxsi mənafeyə yox, dövlət mənafeyinə əsaslanan, praqmatik siyasətə üstünlük verilməlidir. Əks təqdirdə, Nigerdə olduğu kimi, ayaq basdığı hər yerdən qovulacaq.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir