Dünyaşöhrətli dörd əsas səyyahlar şəbəkəsindən biri olan “NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50-yə yaxın üzvdən ibarət heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Kəlbəcər və Laçın rayonlarında olublar.
AZƏRTAC xəbər verir ki, əcnəbi səyyahlar Ermənistan silahlı qüvvələrinin işğal dövründə digər ərazilərimizin kimi Kəlbəcər və Laçında da törətdikləri vandalizmin izləri ilə tanış olublar. Qonaqlar, həmçinin Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
Kəlbəcərdə İstisuya baş çəkən səyyahlar bölgənin təbiətinə heyran qaldıqlarını ifadə ediblər. Onlar Kəlbəcərdə Ermənistan tərəfindən işğal dövründə dağıdılmış evlərə də baxış keçiriblər.
Kəlbəcərdən sonra Laçına səfər edən səyyahlara əvvəlcə tanınmış fotojurnalist Reza Deqatinin şəkillərindən ibarət sərgiyə baş çəkib, Laçın seyrangahından şəhərə tamaşa ediblər.
Onlara Laçında görülən bərpa-quruculuq işləri ilə barədə ətraflı məlumat verilib.
Sonra xarici səyyahların sualları cavablandırılıb.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” klublarının geniş tərkibdə heyətləri ötən iki ildə Qarabağa və Şərqi Zəngəzura səkkiz dəfə səfər edib. Bu, sayca doqquzuncu analoji səfərdir. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, qalanları isə bu il reallaşıb.
Dünyanın səyyah elitasının Qarabağa və Şərqi Zəngəzura ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, Azərbaycan dövlətinin bölgədə qısa müddətdə apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi baxımından da müstəsna əhəmiyyət daşıyır.
www.RIA24.az