Qarşılıqlı hədələr: İranla İsrail müharibə edə bilərmi? – TƏHLİL

Siyasət


Yaxın Şərqdə geosiyasi tektonik hərəkətlərin sürətlə yırğalanması bir sualı aktual edir. Görəsən, İranla İsrail bir-birinə real müharibə elan edə bilərmi?

İranla İsrailin bir-birlərinə qarşı təhdidlərinə, xəbərdarlıqlarına baxmayaraq, bu iki dövlət açıq müharibəyə girişməkdən qaçır.

Tehranla Təl-Əvivin savaşının motivləri, uzağı, maraqlarının kəsişdiyi münaqişələrin hərbi eskalasiya baxımından təzələnməsi fonunda daha da qabarıqlaşır.

Deməli, konseptual olaraq nəzərə almalıyıq ki, İsrail-İran qarşıdurmasında “kənarda müharibə”, “hibrid müharibə” elementləri boldur.

Hərçənd, İsrailin İran daxilində əks-səda doğuran əməliyyatları baş tutur ki, bu, Tehranın özü haqqında formalaşdırdığı təhlükəsizlik qənaətlərini dağıdır.

İranın da İsrail daxilində əməliyyatları olur, hətta sonda HƏMAS-İsrail qarşıdurmasının kulminasiyaya çatmasında da Tehranın barmaq izlərini görmək çətin olmamalıdır.

Yaxın Şərq coğrafiyasındakı İsrail-İran “toqquşması”nın bir ucu da az qala Cənubi Qafqaz səhnəsinə sirayət edəcəkdi. İsrailin İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda oyunçu statusu qazanmasını həzm edə bilməyən İran proksi qüvvələri vasitəsilə “dini əməliyyatlar” həyata keçirməyə cəhd edirdi. Bu, Bakı ilə Tehranın münasibətlərində bu zamana qədər misli görünməmiş gərginlik yaradırdı, amma regional şərtlər Azərbaycan-İran münasibətlərinin normallaşmasına imkan verdi.

Əlqərəz, Cənubi Qafqaz regionu İsraillə İranın proksi müharibə meydanı olmaq meylindən uzaqlaşdı, hərçənd, Yaxın Şərqdəki proseslərin nəticələrinin təsirlərini əhatəli şəkildə təsvir etmək olmur.

Məsələn, İran İsrailə Təl-Əviv Qəzza zolağının bombardmanını dayandırmayacağı təqdirdə “bir çox cəbhənin” ağır nəticələri barədə xəbərdarlıq edib.

Bu xəbərdarlıq İranın proksi qüvvələri vasitəsilə geniş şəkildə münaqişəyə girmək niyyətinin bəyannaməsi kimi şərh oluna bilər.

Fikir verək, burada da İsrailə qarşı hər hansı müharibədən söz açılmır – real, hərbi ölçüləri ilə əsl müharibədən İran yayınır. İsrail üçün də belə müharibə sərfəli variant deyil, hesab etmək olar ki, tərəflər bir-birinin potensialını tam qiymətləndirə bilmədiklərindən riskə girməkdən qaçırlar.

Çünki hər ikisi hesab edə bilər ki, onların bir-birlərinə qarşı müharibəyə potensial daxil olması hərbi əməliyyatların rəngini tamamilə dəyişə bilər.

Bu, hərbi parametrlər üzrə yaranan qorxulardır, geosiyasi cəhətdən isə ən çox çəkinən tərəfin İran olduğu görünür.

Çünki İsrailə etdiyi xəbərdarlıqlara baxmayaraq, Təl-Əvivin sərt cavablarından çəkinir, bunun əsas etibarı ilə həyəcanlı notu Tehranın təklənə bilmək narahatlıqlarıdır.

İsrailin müttəfiqləri çoxdur, İranın isə geosiyasi təhlükəsizlik nöqteyi-nəzərindən maraqlarını müdafiə edən müttəfiqi yoxdur. Deməli, İran İsrailə qarşı ideoloji ritorikası ilə hərbi-siyasi məqsədəuyğunluq arasında tarazlıq axtarır.

İran düşünür ki, İsraillə açıq qarşıdurma Tehran üçün çox baha başa gələ bilər.

Bu, nəinki İran strateji obyektlərinə qarşı intensiv hərbi qisas əməliyyatlarına gətirib çıxara, həm də öz vətəndaşları arasında getdikcə daha çox sevilməyən teokratik rejim üçün siyasi əks-sədalar verə bilər. Yəni İran rəhbərliyi “qırmızı xətləri” keçməyin və İsraillə açıq müharibənin rejim üçün ekzistensial təhlükə yarada biləcəyini tam bilir.

İsrailin də qorxuları olmamış deyil, məsələn, Təl-Əviv İranın proksi qüvvələri təşkilatlandırmasının yarada biləcəsi disbalansa diqqət yetirir. Əgər İranla müharibə olarsa, İsrail canlı qüvvənin sayı cəhətdən çətinliklə üzləşə bilər. İran üçün isə canlı qüvvəni təmin etmək o qədər də çətin deyil, birincisi, əhali çoxdur, ikincisi isə alternativ şəxsi heyət proksi qruplar hesabına formalaşır.

Qısası, İranla İsrailin ardıcıl olaraq bir-birlərini məhv etməklə hədələməsi daha çox rəqabətdə güc haqqında ideoloji mötəbərlilik yaratmağa hesablanıb.

Ona görə də gərgin və partlayıcı bir mühitdə İranla İsrailin oyunu müharibə zirvəsində davam etdirəcəkləri inandırıcı gəlmir.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir