Ötən həftə sonu Almaniyanın xarici işlər naziri Annalena Berbok əvvəlcə Ermənistana, sonra isə Azərbaycana səfər edib. Xanım diplomatın səfərinin iki məqsədi olub: iki ölkə arasında gedən sülh danışıqlarında Qərb platformasını aktivləşdirmək və qlobal kommunikasiya layihələrində İrəvanın iştirakını təmin etmək. Berbok İrəvanda keçirdiyi görüşlərdə bəyan edib ki, “Global Gateway” proqramı iki ölkə arasında sülhün inkişafına şərait yaradacaq.
Alman diplomatın adını hallandırdığı layihə Aİ-nin yeni təşəbbüsüdür və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən ortaya atılıb. Avrasiya regionu üçün bu təşəbbüs Rusiyadan yan keçməklə yeni yolun formalaşdırılmasıdır və Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ kimi nəzərdə tutulub. Sonuncu dəfə “Global Gateway” 26-29 oktyabr tarixlərində Brüsseldə müzakirə edilib və bəlli olduğu kimi, Azərbaycan bu təşəbbüsün müzakirələrində iştirak etməkdən imtina edib. Qərbdə, xüsusən də Fransa və Almaniyada, dərk edirlər ki, Azərbaycan olmadan bu layihənin reallaşması fiziki cəhətdən mümkün deyil. Qərb rəsmi Bakıya alternativ olsaydı, bu layihəni reallaşdırardı, amma bu kontekstdə Azərbaycana alternativ yalnız Rusiya və İran ola bilərdi ki, rəsmi Brüsselə bu variant qətiyyən əlverişli deyil. Elə bu səbəbdən də Almaniyanın XİN başçısı Azərbaycana, Fransa Prezidenti Emmanuel Makron isə Mərkəzi Asiyaya səfər edib. Bununla belə, bütün tərəflər dərk edirlər ki, bizim iştirakımız olmadan belə bir layihəni reallaşdırmaq qətiyyən mümkün deyil.
Alman nazirin isə məqsədi bu layihəyə Ermənistanı da qoşmaqdır. Onsuz da, rəsmi İrəvan regiondakı bütün layihələrdən kənar qalıb. Bu layihədə iştirakla regional layihələrə qoşula bilər və yol onun ərazisindən keçsə, Aİ Azərbaycana təsir imkanı əldə edə bilər. Elə bu səbəbdən də rəsmi Bakı tərəfindən Zəngəzur dəhlizinin (söhbət dəhlizin Ermənistandan keçən hissəsindən gedir) artıq maraqlı olmadığı barədə açıqlamalar səsləndirilib. Baş nazir Nikol Paşinyan isə xam xəyala qapılaraq “Sülhün kəsişməsi” layihəsini ortaya atır. Bu layihə isə heç bir ölkə tərəfindən ciddi qəbul edilmir. Çünki regionla bağlı bütün beynəlxalq layihələrdə əsas söz sahibinin Azərbaycan olduğu artıq gün kimi aydındır.
Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycanın iştirakı olmadan layihənin reallaşması qətiyyən mümkün deyil, nəzərdə tutulan və tikintisi gedən layihəyə tam nəzarət isə Azərbaycan və trans-Xəzər ölkələri, yəni region ölkələri tərəfindən həyata keçirilib. Bu məsələdə isə İranın mövqeyini unutmaq olmaz. İran qəti surətdə Qərbin Ermənistanda iştirakına qarşıdır və yolun ondan keçməsini istəyir. Bu səbəbdən də Azərbaycanla imzalanmış müqaviləyə ciddi yanaşır. Tehranın ritorikasının dəyişməsi mətbuatından da hiss edilir. Son bir ay ərzində İran KİV-i məsələ ilə bağlı kifayət müsbət yanaşma təqdim edib.
Qonşu İranda da gözəl anlayırlar ki, sözügedən layihə ilə bağlı fundamental məsələ odur ki, nə Ermənistan, nə də Rusiyanın mövqeləri o qədər də şəffaf deyil. Azərbaycanın mövqeyinə əsasən, dəhliz beynəlxalq dəhlizdir, Ermənistan isə dəhliz üzərində öz suverenliyini həyata keçirmək niyyətindədir. Rəsmi Moskvanın ekspertləri və siyasi məmurları dəhlizin tikintisində maraqlı olduqlarını dilə gətiriblər. Rusiyanın Ukraynada müharibə aparması və Avropaya çıxışının məhdud olması səbəbindən dəhlizin işə salınması Kremlin maraq dairəsindədir. Türkiyənin də mövqeyi tam aydındır, dəhliz işə salınmalıdır. Bəzi İran ekspertləri sözügedən layihənin Ankara ilə Bakı arasında quru yolu olduğunu düşünsələr də, bu düşüncə kökündən yanlışdır. Zəngəzur dəhlizi olmadan da Türkiyə Qars-Tbilisi-Bakı dəmiryol xətti ilə Azərbaycana və Mərkəzi Asiyaya quru çıxışı əldə edib. Sadəcə, dəhlizin reallaşması bu əlaqəni daha da asanlaşdıra bilər. Rəsmi Tehran da gözəl anlayır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması və kommunikasiyaların işə salınması qaz idxalında maraqlı olan İran üçün alternativlərin yaranmasına səbəb olacaq. Tehranın ritorikasının dəyişməsinin digər səbəbi də İrəvan vasitəsilə Avropa və dünyanın digər bölgələrinə çatmaq məsələsidir. Bu işdə İran iqtisadiyyatı elə də böyük uğur qazana bilmir. Çünki Ermənistandan Gürcüstana, oradan da Qara dənizdən keçib Türkiyəyə çata bilər. Bu isə istənilən halda İranın Türkiyədən asılı olması deməkdir. Bu səbəbdən də Ankaranın ciddi marağı olduğu layihəyə maneə yaratmağın Tehran üçün heç bir fayda gətirməyəcəyini İslam Respublikasında gözəl dərk edirlər.
2020-ci il müharibəsindən sonra Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi ilə Zəngəzur dəhlizinin açılması qərarı uzun illər dayandırılmış və bloklanmış ən qısa və avantajlı qlobal ticarət şəbəkəsinin yenidən qurulması deməkdir. Cənub-Şimal və Şərq-Qərb ticarət yollarının kəsişməsində olan Zəngəzur dəhlizi ilə Azərbaycanın Naxçıvan regionu ilə birbaşa quru yolunun əldə edilməsi ilə yanaşı, Türkiyənin Xəzər dənizi vasitəsilə mövcud olan Şimal əlaqəsi ilə birlikdə yeni Cənub əlaqəsinin də qurulması gündəmdədir. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın 25 sentyabr tarixində Naxçıvana səfəri zamanı planlaşdırılan İğdır-Naxçıvan qaz xətti layihəsinin gündəmə gəlməsi də Zəngəzur dəhlizinin enerji təhlükəsizliyi cəhətdən dəstəkləndiyini göstərir. Bununla yanaşı, Zəngəzur dəhlizinin Qafqaz və Mərkəzi Asiya əlaqəsinin gücləndirilməsi ilə ortaya çıxacaq potensialı Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya səfərləri, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirakı ilə bir daha üzə çıxdı. Səmərqənd Bəyannaməsində Zəngəzur dəhlizinin açılmasının türk dünyası üçün əhəmiyyətinin vurğulanması, beynəlxalq quru yollarının inkişafı barədə razılıq əldə edilməsi də təsadüfi deyildi.
Zəngəzur dəhlizinin işə salınması, eyni zamanda, Orta Dəhlizin də işini asanlaşdıracaq. Bu marşrut vasitəsilə Azərbaycanın Orta Dəhlizdən gələn yükləri aşırmaq imkanları daha da genişlənəcək və bu da öz növbəsində region ölkələrinin inkişafına müsbət təsir edəcək. Orta Dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır və 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılıb. Çin-Qazaxıstan sərhədindən başlayan dəhliz Avropaya qədər uzanır və Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılır. Artıq Avropanın bir sıra dövlətləri də bu layihəyə qoşulub. Rusiya-Ukrayna müharibəsi Şimal Dəhlizi ilə yüklərin daşınmasını məhdudlaşdırıb. Bu yola alternativ isə Orta Dəhliz sayılır. Çindən Avropaya gedən yük qatarı bu yol vasitəsilə on min yox, yeddi min km yol qət edir. Eyni qatar Cənub Dəhlizi və Süveyş kanalından gəmi vasitəsilə 20 min km yol qət edir. Qloballaşan dünyada belə bir alternativ isə istənilən dövlət üçün daha əlverişli sayılır. Qeyd etmək yerinə düşər ki, Bakı-Tbilisi-Qars dəmir yolu da Orta Dəhlizin bir hissəsinə çevrilib.
Yuxarıda sadalananlardan da görünür ki, Orta Dəhlizə marağın artmasında Azərbaycan müstəsna rola malikdir. Azərbaycan bu marşrutun ən önəmli halqalarından birini təşkil edir və Zəngəzur dəhlizinin işə salınması bu dəhlizin əhəmiyyətini daha da artıracaq, yüklərin daşınmasını sürətləndirəcək. Bundan əlavə, Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar da Azərbaycandan keçir. Orta Dəhliz vasitəsilə daşınan yüklər ölkə ərazisində sözügedən dəhlizlərə inteqrasiya edilmiş yollar vasitəsilə daşına bilər. Eyni zamanda, bu layihənin reallaşması, Zəngəzur dəhlizinin işə salınması Azərbaycanın Şərqi Zəngəzur regionunun da inkişafına böyük təkan verə bilər.
Yuxarıda sadalananlardan da məlum olur ki, son günlər Qərb rəsmilərinin Azərbaycana və Mərkəzi Asiyaya səfərlərinin kökündə məhz dəhliz maraqları durur. Qərb artıq regionda sözügedən beynəlxalq layihələrdə əsas söz sahibinin Azərbaycan olduğunu gözəl dərk edir. Bu səbəbdən də münasibətləri yaxşılaşdırmaq, layihələrin reallaşmasına yardımçı olmaq niyyətindədir. Çünki Azərbaycan ərazisindən keçən beynəlxalq layihələr vasitəsilə, əsasən, Avropaya daşınmalar həyata keçirilir.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az