Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Həsrət Yolu” Əsir və Girovlara Dəstək İctimai Birliyini iki il müddətinə agentliyin qrant müsabiqələrində iştirak hüququndan məhrum edib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq, agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.
O bildirib ki, agentlik tərəfindən “Həsrət Yolu” Əsir və Girovlara Dəstək İctimai Birliyinə 2023-cü ildə kiçik qrant müsabiqəsi çərçivəsində “Əbədi iztirab” adlı sənədli filmin çəkilişi” layihəsinin icrası üçün 10 000 (on min) manat qrant vəsaiti ayrılmışdı:
“Sənədli film bu yaxınlarda agentliyə təhvil verilib, layihənin icrasının qiymətləndirilməsi göstərib ki, sənədli film keyfiyyətsiz hazırlanıb, ayrılmış maliyyə təyinatı üzrə sərf edilməyib. Sözügedən QHT hazırladığı filmi həm də “YouTube” vasitəsilə yayıb. Film ictimaiyyətin də etirazı ilə qarşılanıb”.
Bundan sonra QHT özü filmi “YouTube”dan silib. Agentlik rəhbərliyinin göstərişi ilə əlavə mütəxəssislər cəlb edilməklə, film barədə iradlar ətraflı təhlil edilib, QHT-nin layihə öhdəliklərinə əməl etmədiyi müəyyən olunub.
Nöqsanlar layihə rəhbərinə yazılı şəkildə təqdim edilib və aradan qaldırılması üçün vaxt verilib. Yenidən işlənmiş filmdə də nöqsanların tam aradan qaldırılmadığı müəyyən edilib.
Müşahidə Şurası qrant müqaviləsi üzrə öhdəliyi kobud şəkildə pozduğu üçün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin iki il müddətində agentliyin qrant müsabiqələrində iştirak hüququndan məhrum edilməsi barədə qərar qəbul edib”.
Bu QHT təkcə QHT-lərə Dövlət Dəstəyi Şurası və sonradan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə son illərdə 65 min manata yaxın qrant vəsaitinə yiyələnib.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış kino tənqidçisi Sevda Sultanova “Dövlət büdcəsi hesabına belə zay məhsul kimə lazımdır?” adlı müəllif yazısında (https://azlogos.eu/dovl%C9%99t-budc%C9%99si-hesabina-%C9%99b%C9%99di-iztirab/) sözügedən filmdəki nöqsanları ətraflı təsvir etmişdi. Film ictimaiyyətin də qəzəbi ilə qarşılanmışdı. “REAL TV” kanalında efirə verilən reportajda deyilirdi: “Kinoindustriyanı belə zibilləmək, son vaxtlar artıq regional miqyasda sözünü deməyə başlayan vətəndaş cəmiyyətinin adını belə batırmaq olmaz” (https://youtu.be/G1R8WmmM0m8?si=rKxjMzmkQam8tipb).
Qeyd edək ki, son aylar müftəxor QHT-lərə qarşı mübarizə tədbirləri gücləndirilib və bu sahədə islahatlar dərinləşdirilib.
Görünür, həm də bu səbəbdəndir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimaiyyəti bundan sonra da QHT istehsalı olan filmlərinin ictimai müzakirəsində fəal olmağa çağırıb.
www.RIA24.az