Azərbaycanın Rusiyadakı səfirliyi Qarabağda qazanılan Böyük Qələbənin üçüncü ildönümü – Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edib.
“Report” xəbər verir ki, tədbirdə səfir Polad Bülbüloğlu çıxış edərək Zəfər Gününün tarixi ədalətin bərqərarı, beynəlxalq hüququn təntənəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzi olduğunu vurğulayıb, həmin gün ölkəmizin mədəni paytaxtı Şuşanın azad edildiyini, Zəfər Gününün milli qürur günü olması ilə yanaşı, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin iyirmi faizinin uzun illər boyu davam etmiş işğalına son qoyulması günü olduğunu da qeyd edib.
Səfir bu şanlı qələbənin xalqımızın birliyi və mübariz ruh yüksəkliyinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun məharətinin nəticəsi olduğunu söyləyib. O, bu qələbənin həlak olmuş Azərbaycanın cəsarətli oğul və qızlarının həyatı hesabına əldə edildiyini, onların əziz xatirəsinin əsrlər boyu qəlbimizdə qalacağını bildirib.
P.Bülbüloğlu 30 illik işğal dövründə Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozduqlarını, o cümlədən, hərbi cinayətlər və soyqırımı aktları törətdiklərini söyləyib. O, Ermənistanın bilərəkdən və müntəzəm olaraq Azərbaycanın mədəni irsini məhv etdiyini və mənimsədiyini vurğulayıb.
Səfir işğalın ağır nəticələrinə baxmayaraq, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması prosesinin təşəbbüskarı məhz Azərbaycan Prezidentinin olduğunu diqqətə çatdırıb.
Diplomat ulu öndər Heydər Əliyevin bugünkü Azərbaycanın memarı olduğunu qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün qorunması və müstəqil siyasət aparmasında onun müstəsna xidmətlərini vurğulayıb.
Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin 100 illiyinin Rusiyada geniş qeyd edildiyini bildirib.
Zəfər Günü ilə bağlı tədbirdə Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yüksək vəzifəli diplomatlar, hərbi attaşelər, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və Azərbaycan diasporunun görkəmli təmsilçiləri iştirak ediblər.
www.RIA24.az