FHN-in qurumlarında Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirildi – FOTO

Siyasət


Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirlərdə şəxsi heyətlə yanaşı, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri də iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə ölkəmizin suverenliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yed edilib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışılıb, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından söz açılıb.

Bildirilib ki, Vətən torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparan igid əsgər və zabitlərimizin misilsiz sücaəti sayəsində düşmən ordusu darmadağın edilib, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Diqqətə çatdırılıb ki, əldə olunmuş tarixi Zəfər yenilməz Azərbaycan Ordusunun qüdrətinin bariz göstəricisi, Prezident-Xalq sarsılmaz birliyinin böyük təcəssümüdür.

Təbirlərdə bu ilin sentyabr ayının 19-dan başlayaraq Qarabağda həyata keçirilən, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyətindən söz açılıb və bildirilib ki, bu əməliyyat nəticəsində respublikamızın suverenliyi tam bərpa olunub. Qeyd olunub ki, həm 44 günlük Vətən müharibəsinin yekununda qazanılan tarixi Zəfər, həm antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə xalqımıza misilsiz qürur hissi yaşadıb.

Tədbirlərdə, həmçinin bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyini və milli dəyərlərini təcəssüm etdirən bayrağımızın dövlət rəmzi kimi qəbul olunması ilk dəfə 1990-cı il noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə edilib.

Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmasına dair tarixi qərar qəbul edilib. Vurğulanıb ki, Dahi Rəhbərin memarı olduğu, dövlət başçısı cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasət nəticəsində dünya birliyinin nüfuzlu üzvünə və söz sahibinə çevrilmiş Azərbaycan Respublikasının Dövləti Bayrağı bundan sonra da bütün azərbaycanlıların qürur mənbəyi olaraq daim dalğalanacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir