Zəfər Günü Bakının Səbail rayonunda qeyd olunub – FOTO

Siyasət


Zəfər Günü Bakının Səbail rayonunda da qeyd olunub.

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində milli qürurumuzun təntənəsi olan 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, şəhid ailələri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev torpaqlarımızın azad olunmasına, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsinə, müstəqil Azərbaycanın xoşbəxt gününün gəlib çatacağına inanırdı:

“Əminliklə demək olar ki, bu gün biz məhz həmin günü yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirib. Prezidentimizin qətiyyətli siyasəti nəticəsində ölkəmiz ildən-ilə güclənib, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib, qüdrətli ordu yaradılıb.

Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxarıb, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada və işğaldan azad olunmuş digər şəhər, rayonlarımızda qürurla dalğalanmağa başlayıb”.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai qeyd edib ki, müharibənin yeni bitməsinə baxmayaraq, bu gün Azərbaycan öz inkişaf tempini qoruyub-saxlamaqla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirir və bu ərazilər cənnətə çevrilməkdədir:

“Bütün işğaldan azad olunmuş şəhər və rayonlarımız özünün çiçəklənən dövrünü yaşamaqdadır və həyata keçirilən uğurlu infrastruktur layihələrinin məntiqi nəticəsi kimi sakinlər çox qısa müddət ərzində öz doğma evlərinə qayıdırlar”.

Tədbir zamanı çıxış edən Vətən müharibəsi şəhidi Murad Qurbanovun anası Mehriban Əmrahova qeyd edib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir:

“Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu insanların problemlərinin həlli bir nömrəli vəzifə kimi müəyyən edilib”.

Səbail Rayon İctimai Şuranın sədr müavini qazi Polad Rzayev çıxışında Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı uğurlardan, özünün keçdiyi döyüş yollarından söhbət açıb.

Tədbirin davamında Bakı Media Mərkəzinin və “Salnamə” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir