Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 8 noyabr – Zəfər Günü və 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar bir sıra layihə və tədbirlər həyata keçirilib.
İlk növbədə könüllülərimiz Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra isə könüllülərimiz İkinci Şəhidlər xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan vətən oğullarının məzarlarının üzərinə gül dəstələri düzüb, onların xatirəsini hörmət və ehtiramla yad ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Bununla, Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının tərəfdaşlığı və AKTİ-nin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər liqası” təşkil olunub. Sayca 3-cü dəfə təşkil olunan və könüllü təşkilatlarından ibarət 14 komandanın iştirak etdiyi turnir UEFA-nın “Hat-trick” proqramı çərçivəsində həyata keçirilib.
Zəfər Gününə həsr olunmuş layihələr arasında “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və AKTİ-nin birgə təşkilatçılığı ilə “Qarabağ üçün əl-ələ” adlı “ASAN İnnovativ Həllər Hakatonu” baş tutub. Qarabağın yenidən qurulmasında gənclərin iştirakçılığını artırmaq və innovativ həll yollarını axtararaq yeni təkliflər vermək niyyəti ilə həyata keçirilən hakaton 2 gün davam edib. Layihədə hər komandada 4 nəfər olmaqla 60 nəfər könüllü iştirak edib.
Sözügedən layihələr çərçivəsində Dövlət Bayrağı Günü münasibətilə könüllülər tərəfindən paytaxt sakinlərinə bayraqlar paylanılıb. Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan Azərbaycan könüllüləri Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər. Möhtəşəm zəfərin ardından 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə 200 nəfər Azərbaycan könüllüsünün iştirakı ilə paytaxtın mərkəzi küçələrində həyata keçirilən aksiyada şəhər sakinləri bu təşəbbüsü böyük maraq və qürur hissi ilə qarşılayıblar.
www.RIA24.az