“Vətən müharibəsi zamanı bizə növbəti döyüş tapşırığı gəldi. Ermənilərin iki postunun arasında yerləşən mövqeyi ələ keçirdik. Səhər hava işıqlananda düşmən gördü ki, yaxınlıqdakı həmin postda Azərbaycan Bayrağı dalğalanır. Təşvişə və qorxuya düşən erməni hərbçiləri öz mövqelərinə atəş açmağa başladılar”.
Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsində sol ayağını itirən, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, baş leytenant Xəyal Quliyev deyib.
Qurbanov Xəyal Tanrıverdi oğlu 1983-cü il fevralın 4-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhər 28 nömrəli orta məktəbdə alan Xəyal 2000-ci ildə o vaxtkı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olub. Universiteti bitirdikdən sonra 2008-ci ildən 2014-cü ilə qədər Gəncə Avtomobil Zavodunda çalışıb. Ehtiyat zabit hazırlığı kursuna müraciət edən Xəyal 2014-cü ildən Azərbaycan Ordusunun sıralarında leytenant kimi xidmətə başlayıb.
“İstehkamçı olduğumuza görə kəşfiyyat bölmələri ilə birgə hərəkət edirdik. Düşmən ərazidə həddindən çox mina basdırmışdı, bizim minaaxtaran vasitələrimiz hər dəqiqə xəbərdarlıq siqnalı verirdi. Hiyləgər düşmən minaları dərinə basdırmaqla yanaşı, müxtəlif vasitələrlə onun üzərini örtmüşdü ki, bizim gözümüzdən yayınsın. Minaya düşəndə isə torpaqlarımız uğrunda müharibədə sona kimi iştirak edə bilməyəcəyimə görə çox məyus oldum,” – deyə qazi bildirib.
X.Qurbanov xidməti dövründə tağım komandiri, bölük komandiri, Mühəndis Xidməti rəisinin köməkçisi və rəisi vəzifələrini icra edib. 19 oktyabr 2020-ci ildə döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən basdırılan piyada əleyhinə minaya düşərək sol ayağını itirib.
Qazimiz Qələbə xəbəri ilə ayağının acısını unutduğunu, bir zabit kimi əsgərlərimizin cəsarətinə heyran qaldığını deyib:
“Kiçik qruplar halında döyüş əməliyyatları yerinə yetirirdik. Bir qrup əməliyyatdan qayıdıb istirahət edir, növbəti qrup əməliyyata yollanmalı olurdu. Döyüş tapşırığından gələn əsgərlər, yenidən döyüşə can atırdı. Hər kəs sinəsini qabağa verirdi”.
Vətən müharibəsi qazisi Xəyal Qurbanov ölkə başçısının şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi qayğı və diqqət nəticəsində mənzil və avtomobillə təmin olunub. Həmçinin, Vətən müharibəsindəki şücaətinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
www.RIA24.az