Baku TV-nin “Qarabağ xronikası” verilişinin 123-cü buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Fransa-Ermənistan əməkdaşlığının qaranlıq tərəflərindən bəhs edib.
O qeyd edib ki, İrəvana hərbi-texniki avadanlıq “Thales”, “Safran”, MBDA şirkətləri tərəfindən tədarük ediləcək:
“Məlumata əsasən, “Thales” şirkəti Ermənistana hava hücumundan müdafiə komplekslərinə aid üç ədəd “Grand Master” radarlarını çatdıracaq. “Safran” şirkəti Ermənistan ordusunu sayı bəlli olmayan və ya məxfi saxlanılan gecəgörmə eynəkləri ilə təmin edəcək. Təbii ki, bu say 5-10 ədəd eynəklə məhdudlaşmayacaq. Bizim ehtimallara görə, bu say yüzlərlə ölçülə bilər”.
Həmçinin bildirilib ki, MBDA İrəvana “Mistral” tipli hava hücumundan müdafiə komplekslərini çatdıracaq.
F.İsazadə əlavə edib ki, “Mistral” kompleksləri helikopter, avtomobil texnikası və gəmilərə quraşdırılır:
“Havada və yerdə olan hədəflərə qarşı tətbiq edilir. Əminliklə deyə bilərik ki, GM-200 istisna olmaqla, Ermənistana tədarük ediləcək silahlanma heç də müdafiə xarakteri daşımır”.
“Bu sadalananlar aylardır ehtimal etdiyimiz kollektiv Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda yerləşmə tezisinin utopik bir fantaziya olmadığını ortaya qoyur. Görünən odur ki, bu yerləşmə prosesinin icrası ya rəsmi Parisə həvalə olunub, ya da Fransa bu prosesdə koordinator qismində çıxış edir”, – o vurğulayıb.
Ətraflı süjetdə:
www.RIA24.az