Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “İnTerris” nəşrinə müsahibə verib.
Elçin Əmirbəyov nəşrin Qarabağ müharibəsi, ermənilərin köçü, onların qayıtması və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün planlar, eyni zamanda Müqəddəs Taxt-Tacla münasibətlər, dini birgəyaşayış, müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə katoliklərin vəziyyəti barədə suallarını cavablandırıb:
Müsahibəni təqdim edirik:
Cənab Səfir, müsahibə üçün təşəkkür edirik. İcazə verin, açıq və rəhmsiz bir sualla başlayım. Azərbaycanın yaxın gələcəkdə Ermənistanı işğal etmək niyyəti varmı?
– Qətiyyən. Bu, son günlərdə yayılan və mənşəyini axıra qədər anlaya bilmədiyimiz saxta xəbərlərdir. Bu cür yalan xəbərlərə səbəb və ya bəhanə olaraq “Zəngəzur dəhlizi” adlandırılan, Azərbaycan ilə onun eksklavı olan Naxçıvan arasında yaranacaq nəqliyyat bağlantısı göstərilir: əslində isə bu, yalnız Azərbaycanı və Ermənistanı və ya region dövlətlərini birləşdirən bir bağlantı deyil, eyni zamanda daha geniş anlamda Asiyanı Avropa ilə birləşdirə biləcək orta nəqliyyat dəhlizinin alternativ marşrutu ola bilərş Əslində dünya ticarətinə güclü təkan verə biləcək strateji layihədir. Əgər Ermənistan dəhliz sözünü bəyənmirsə, keçid, yol, bağlantı və s. kimi terminlərdən istifadə oluna bilər. Dəhliz sırf iqtisadi və nəqliyyat anlayışıdır. Əgər Ermənistan bu məsələ ilə bağlı artıq öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsə, bizim mahiyyət etibarilə alternativ variantımız mövcuddur və beləliklə Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə İranın ərazisindən dəmiryolu və avtomobil yolu ilə birləşməsi layihəsi qısa bir zamanda həyata keçiriləcəkdir. Ermənistan isə indiyə qədər necə regionda dalan ünvanı olmuşdursa, elə də qalacaq, və bu ermənilərin özlərinin seçimi olacaqdır. Sualınıza cavab olaraq isə bir daha deyim ki, istənilən halda Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur və bu, böyük ehtimalla Ermənistan tərəfindən qəsdən yayılan bir əsassız iddiadır.
– Nə qədər erməni əsilli Azərbaycan vətəndaşı Qarabağdan qaçıb? Və neçəsi qalıb? Və onların təhlükəsiz qayıtmasını təmin etmək üçün nə edirsiniz?
– Gəlin anlayışlardan başlayaq. Birincisi, onlar hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün Azərbaycan vətəndaşları sayıla bilməzlər. Onların əksəriyyətinin artıq Ermənistan pasportları var və ən azı üçdə biri əslən Qarabağdan olanlar deyil, son onilliklərdə bir növ “müstəmləkəçilik” ruhunun təsiri ilə Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır. Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az adam qalıb. Nəzərə çatdırım ki, bir çox konstitusiyada, o cümlədən İtaliya konstitusiyasında dövlətə ciddi təhlükə olan aqressiv separatizm qadağan olunub. Şübhəsiz ki, ümumi ab-havanı nəzərə alsaq, onları geri qaytarmaq mürəkkəb məsələdir. Biz başa düşürük ki, 30 illik münaqişədən sonra qaçmaq öngörülə bilən bir seçimdir, lakin bu onların özlərinin fərdi seçimi olmuşdur, baxmayaraq ki, Azərbaycan höküməti onlara ölkəni tərk etməməyə çağırışlar etmişdir. Biz Azərbaycana tezliklə qayıtmağa imkan verən portal yaratmışıq və biz bu insanların təhlükəsizliyinə, hüquqlarına və iqtisadi rifahına zəmanət vermək öhdəliyi götürürük. Hesab edirik ki, qalan az sayda insan, onların qaçanlarla təmasda olduğunu nəzərə alsaq, cəlbedici rol oynaya bilər.
– İsrail-Fələstin münaqişəsində Azərbaycanın mövqeyi nədən ibarətdir?
– Məlum olduğu kimi, biz, bəlkə də, dünyada İsraillə ən yaxşı münasibətə malik olan müsəlman əksəriyyətli ölkəyik. Bu, sadə dostluqdan daha artıqdır. Yəhudi icmasının ölkəmizdəki dinc şəraitinə baxmaq bunu anlamağa kifayət edir. Biz hesab edirik ki, münaqişənin dini yox, ərazi mənşəyi var. Hər iki tərəfdən insan itkisinə görə kədərlənirik və bu səbəbdən biz də Birləşmiş Millətlər Təşkilatı ölkələrinin əksəriyyəti kimi Qəzzada gedən döyüşlərdə atəşkəs xeyrinə səs verdik. Biz hesab edirik ki, tezliklə sülh şəraiti bərpa edilməlidir, günahsız insanlar həyatlarını itirməməlidir, və biz iki xalq, iki dövlət formulunu nəzərdə tutan məlum həll yolunu dəstəkləyirik.
– Azərbaycanda katolikliyin, ümumilikdə xristianlığın vəziyyəti necədir?
– Ölkəmizdə katoliklərin sayı təbii ki azdır, lakin onların bütün hüquqları ölkənin digər vətəndaşların hüquqları kimi dövlət tərəfindən qorunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyəvi ölkə olmaqla bərabər, həm də multikultural və çoxkonfessiyalı ölkədir. Və bu müxtəliflik qürurumuzun mənbəyidir. Müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digərləri burada dinc şəkildə birgə yaşayırlar. Onlar öz ibadət yerlərinə sahib ola və qanunlara uyğun olaraq dinlə bağlı olan ehtiyaclarını qarşılaya bilirlər. Müqəddəs II İohann Pavel Bakıda 2002-ci ildə olarkən o zamankı Prezidentimiz Heydər Əliyev Bakıdakı katoliklərinə kilsənin tikilməsi üçün dövlətimiz tərəfindən təmənnasız yerin ayrılması barədə qərar qəbul etmişdir. Kilsənin açılışını isə 2008-ci ildə o zamankı Müqəddəs Taxt-Tacın Dövlət Katibi Kardinal Tarçisio Bertone həyata keçirmişdir. Roma Papası Fransisk isə 2016-cı ildə Azərbaycana səfər etmişdir və ölkəmizdə hökm sürən dini tolerantlıqdan və din azadlığının dərəcəsindən olduqca məmnun qalmışdır. Qayıdan başı onu Romaya aparan təyyarədə jurnalistlərlə ənənəvi görüşü zamanı o, dinlərin birgə yaşayışı və dünyəvilik nöqteyi-nəzərdən din-dövlət münasibətlərinin platforması olan, azadlığı və qarşılıqlı hörməti təşviq edən Azərbaycan modelindən danışmışdır və onu bir çox ölkə üçün örnək ola biləcəyini bildirmişdir. Kilsələrə, monastırlara, xristianlara aid dini əsərlərə və obyektlərə gəlincə, onlar Azərbaycanın zəngin bədii-mədəni irsinin tərkib bir hissəsidir və bu səbəbdən də dövlət tərəfindən qorunurlar. Biz hal-hazırda Qarabağda, bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə bütün dini abidələrin, o cümlədən xristian abidələrin siyahıyaalınmasını həyata keçiririk. Ölkəmizin ərazisində mədəni və dini irsin təhqir olunması baş veribsə, bu İslam mənşəli olanlara münasibətdə, Ermənistan işğalçı qüvvələr tərəfindən həyata keçirilib: yalnız bir dəhşətli rəqəmə diqqətinizi cəlb etmək istərdim: erməni işğalı altına düşmüş Azərbaycan torpaqlarında 67 məsciddən 65-i işğalçılar tərəfindən təmamilə yerlə yeksan edilmişdir, qalan iki məscidə çox ciddi ziyan vurulmuşdur. Təəssüflər olsun ki, dünyada bu barədə heç kim narahatçılığını bildirmir..
– Niyə burada, Romadasınız və Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı münasibətlər necədir?
– Mən həm Vatikanda, həm də İtaliya Respublikasında bir sıra yüksək səviyyəli görüşləri keçirmək üçün Romadayam. İtaliya mənim ölkəmin Avropa İttifaqında ən mühüm tərəfdaşıdır, əlavə söz deməyə ehtiyac yoxdur. Müqəddəs Taxt-Taca gəlincə, biz keçən il diplomatik münasibətlərimizin 30 illiyini qeyd etmişik, əlqələrimiz yüksələn xəttlə inkişaf edir. Ümid edirik ki, Romaya Müqəddəs Taxt-Tac nəzdində ayrıca səfirimizi göndərdiyimiz kimi, Vatikan tərəfi də tezliklə Bakıda öz nunsiaturanı açacaq. Həmsöhbətlərimlə danışıqlarda əsas məqsədlərdən biri də Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh prosesinin indiki durumu, perspektivləri və çağırışları barədə qarşı tərəfi məlumatlandırmaq, bu mövzuda yararlı fikir mübadiləsini aparmaqdan ibarətdir.
www.RIA24.az